Bu günümüz də xeyli maraqlı keçdi. Günümüzü bu dəfə onlar maraqlı etdi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasının iştirakçıları.
O iştirakçılar ki, polemikaları, elmi axtarışları, elmə töhfələri, tədqiqatları, ziyalı mövqeyi ilə yox, iclasda mürgüləməkləri ilə özlərindın bəhs etdirdilər. Əslində buna mürgüləmık demək min şahid istər.
Bu, əməlli-başlı yatmaq idi. Adına bir az yumşaq desək, Təbrizdə deyildiyi kimi, "çorta getmək" də demək olardı ki, çox xətirlərinə dəyməsin.
Qocalı-cavanlı əllərini çənələrinin altına, gicgahlarına dirəyib "çorta getmişdilər". Belə iclasların ilk birinci saatından sonrası adətən elə belə də olur. Yəni təkcə AMEA-ya xas durum deyil.
İkinci saatdan başlayaraq arxa sıralarda oturanlar sakitcə zalı tərk edir, gedə bilməyib sonadək oturmaq məcburiyyətində olanlar da gözlərinin acısını almaq üçün bundan yaxşı fürsət olmayacağını düşünürlər. Odur ki, belə görüntünü yadırğamayaq. Hansımız uzun sürən, heç bir sonucu olmayan iclaslarda mürgüləməmişik ki?
Amma əgər söhbət ölkənin ziyalı təbəqəsindən, elm adamlarından, adında Elmlər və Akademiya olan bir qurumdan gedirsə, heç olmasa əməlli-başlı yatmamaq olardı, eləcə mürgüləməklə də yola vermək mümkün idi.
Görünür, müzakirə o qədər sönük keçib ki, çoxu yatmamaqdan özünü saxlaya bilməyib. Yuxu da elə bir şeydir ki, adamın gözlərini öz-özünə qapadır. Ortaya da belə ölkə boyunca müzakirə olunan vəziyyət çıxır. Əgər yuxu AMEA kimi köklü bir quruma, o qurumun əzəmətli binasına ayaq açdısa, çətin bir də geri qayıda. Yuxu da özünə münbit mühit axtarır.
Siz heç səs-küylü, müzakirəli, qızğın söhbətlərin getdiyi ortamda yuxuya gedəni görmüsünüz?
Yuxu üçün sakit, səssiz mühit lazımdır, AMEA-nın Rəyasət Heyətinin iclası kimi. Bu, əslində alimlərin yuxusu deyil, bu, Azərbaycan elminin yuxusudur.
Top atsalar da, oyanmayacaqların yuxusu. İllərdir Azərbaycan elmi beləcə mürgü döyür, daha doğrusu, mürgüləməkdən də keçib, xor-xor yatır. Buna görə də ortaya nə bir tutarlı elmi əsər, nə bir elmi kəşf çıxıb. Heç iclasda düz-əməlli elmi müzakirə də apara bilmirlər, hərə bir tərəfdə "gözünün acısını" alır.
Əgər o iclasda elmi titulların, dövlət mükafatlarının verilməsi, ev növbəsi kimi məsələlər müzakirə olunsaydı, nəinki mürgüləyın olmayacaqdı, əksinə, bir-birilərinə amsn vermədən danışacaqdılar.
İstəyirsiniz, sınaqdan keçirin, bir elan verin ki, AMEA-nın Rəyasət Heyətinin növbəti iclası dövlət mükafatlarına təqdim olunması üçün namizədlərin verilməsinə həsr olunacaq. Həngaməyə birlikdə baxaq...