Bakı, 25 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən İsmayıllıda işəgötürənlər üçün maarifləndirmə tədbiri təşkil olunub.
DƏMX-dən AZƏRTAC-a bildiriblər ki, “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusuna həsr olunan tədbirdə Dağlıq Şirvan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 50-dən çox nümayəndə iştirak edib.
Tədbir zamanı qeyri-formal məşğulluğun əmək bazarına və sosial təminat sisteminə təsiri, əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin zəruriliyi və işəgötürənlərin bu sahədə məsuliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, əmək müqavilələrinin düzgün bağlanması işçilərin sosial hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, qeyri-formal məşğulluq hallarının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət və maarifləndirmə tədbirləri barədə iştirakçılara məlumat təqdim edilib.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.