AZ

Avtomobilin sığorta müddətinin bitməsini necə öyrənə bilərik? - AÇIQLAMA

Bəzən sürücülər avtomobilin icbari sığortasının müddəti başa çatdığı halda bundan xəbərsiz olurlar və nəticədə 50 manat məbləğində cərimə ilə üzləşirlər. Elə hallar olur ki, vətəndaşın mobil nömrəsi aktiv olmur, nömrə bağlı olur, yeni nömrə işlədir və ya şəxs ölkə xaricində olduğu üçün ona bildiriş mesajı çatmır. Cərimələnən sürücülər isə bildirirlər ki, sığortanın müddətinin bitdiyini əvvəlcədən bilsəydilər, bunu dərhal həll edər, sığortanı vaxtında yeniləyərdilər.

Niyə sığorta müddətinin başa çatması ilə bağlı məlumat və tətbiq olunan cərimə e-polis, "SMS radar" tətbiqində əks olunmur? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sığorta eksperti İlkin Nəcəfov bildirdi ki, p-polis sığorta portalı deyil, "SMS radar" da özəl bir platformadır, biznes qurumudur:

"Yəni onların elə bir xüsusi öhdəliyi yoxdur ki, sığorta ilə bağlı məlumatları təqdim etsinlər. Dövlət Yol Polisinin işi deyil ki, öz saytında və ya tətbiqində hansısa özəl sığorta şirkətində sığortalanmış avtomobilin sığorta müddətinin başlama və ya bitmə tarixini göstərsin. Bu onların funksiyası deyil. "SMS radar" da bu məlumatı təqdim edə bilmirsə, bu, onun problemidir. Çünki sığorta şirkətləri həmin məlumatı açmır. e-polisin borcu və öhdəliyi deyil ki, hansısa özəl sığorta şirkətində sığortalanmış avtomobilin başlama və bitmə tarixini öz tətbiqində göstərsin. Bu texniki baxış deyil, bu cərimə deyil. Sığorta ilə bağlı cərimə varsa, o sistemdə görünür. Sığorta şirkətlərindən, yəni 9707 qısa nömrəsindən heç bir şirkət tərəfindən ayrıca sığorta mesajı göndərilmir. 9707 nömrəsindən müştərilərin mövcud mobil nömrəsinə sığortanın bitməsi ilə bağlı bildiriş bir ay əvvəl İcbari Sığorta Bürosu tərəfindən göndərilir. Yəni İcbari Sığorta Bürosu bir ay qabaqcadan SMS göndərir ki, sığortanın müddəti bitir.

Sual verilə bilər ki, vətəndaşlar sığortanın bitmə vaxtını başqa necə öyrənə bilərlər? Bunun iki yolu var. Birincisi, avtomobil hansı sığorta şirkətində sığortalanıbsa, həmin şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirə bilərlər ki, sığortanın müddəti nə vaxt bitir. İkincisi, İcbari Sığorta Bürosunun rəsmi saytı isb.az mövcuddur. Həmin sayta daxil olaraq identifikasiya nömrəsi ilə və ya “SİMA” vasitəsilə şəxsi kabinetə girib sığortanın bitmə tarixinə baxmaq mümkündür".

Nuriyyə NATİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr