Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Vladimir Putin Ukraynaya qarşı tammiqyaslı işğaldan dörd il sonra da müharibədə qalib gələcəyinə inanır və ölkəni müstəqil dövlət kimi zəiflətmək məqsədindən geri çəkilmir. Sky News yazır ki, Rusiya ordusunun son döyüş meydanı itkiləri Putinin mövqeyini dəyişməyib və bu səbəbdən danışıqlarda onun səmimiyyətinə ciddi şübhələr var. 4 ildir hər iki tərəfdən ciddi resurs itkisi var. Həm insan resursu, həm maddi resurs, həm siyasi, həm iqtisadi, həm də hərbi istiqamətdə itki yaşandı.Müharibədə qalib gəlmək nədir? Bu itkilər fonunda müharibədə qalib gəlmək nə anlam daşıyacaq?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin 4-cü ilindən sonra “qalibiyyət” anlayışı əvvəlki kimi görünmür: “Vladimir Putin hesab edirdi ki, müharibəyə başlayır və üç günə Kiyevi, bir həftəyə bütün Ukraynanı işğal edərək qələbə qazanacaq. Ancaq dörd il keçməsinə baxmayaraq, Putin hələ də istəyinə nail ola bilməyib”.
Anar İsayev
Ümumiyyətlə, müharibədə “qalib gəlmək” nə deməkdir?
Politoloq qeyd edib ki, klassik mənada qalibiyyət - qarşı tərəfin siyasi iradəsini sındırmaq,öz strateji məqsədlərini qəbul etdirmək, ərazi və ya təhlükəsizlik baxımından üstünlük əldə etmək deməkdir: “Müasir müharibələrdə (xüsusilə Ukrayna kimi genişmiqyaslı və uzunmüddətli müharibədə) qalibiyyət daha çox nisbi anlayışa çevrilir. Yəni tərəflərdən biri maksimal məqsədinə yox, minimal strateji hədəfinə çatanda bunu “qalibiyyət” kimi təqdim edə bilər”.
Ukrayna torpaqlarında işğala başlayan Rusiya üçün “qalibiyyət” nə ola bilər?
“Putinin ilkin hədəfi Kiyevdə hakimiyyət dəyişikliyinə nail olmaq, Ukraynanın NATO-dan uzaqlaşdırılması, ölkənin faktiki olaraq Moskvanın təsir dairəsinə qaytarılmasıdır ki, biz bunu aparılan sülh və ya atəşkəs danışıqlarında da Rusiya tərəfindən şərt olaraq irəli sürüldüyünün şahidiyik. Bu məqsədlər reallaşmadı.
İndiki durumda Rusiya üçün daha real görünən “qalibiyyət”, işğal etdiyi ərazilərin (Krım + Donetsk, Luqansk, Zaporojye, Xersonun bir hissəsi) saxlanılması, Ukraynanın faktiki olaraq parçalanmış və zəif iqtisadiyyatla qalması, Qərbin uzunmüddətli yorğunluğuna nail olmaq, eyni zamanda Rusiyanın daxildə rejim sabitliyini qoruması ola bilər. Bu halda Kreml bunu “strateji qələbə” kimi təqdim edə bilər”-deyə Anar İsayev vurğulayıb.
Politoloq bildirib ki, Rusiyanın bu müharibədə əldə etdiyi yüz minlərlə hərbi itki (ölən və yaralanan), böyük texnika və silah itkisi, ağır sanksiyalar, Qərb bazarlarının itirilməsi, uzunmüddətli texnoloji geriləmə, NATO-nun daha da genişlənməsi (Finlandiya və İsveçin qoşulması) oldu və bu mənada strateji mühit 2021-ci illə müqayisədə Rusiya üçün daha əlverişsizdir: “Potensial “qazanc” ərazi genişlənməsi, Qara dənizdə möhkəmlənmə, daxili siyasi mobilizasiya və “mühasirədə qala” narrativi, qlobal Cənub ölkələri ilə alternativ bloklaşmanı hesab etmək olar.Amma iqtisadi və demoqrafik zərərin uzunmüddətli təsiri çox böyükdür”.
Müharibədən sonra qalibiyyət necə bir anlam daşıyacaq?
Politoloqun fikrincə, əgər Rusiya işğal etdiyi əraziləri saxlayaraq müharibəni dondura bilsə, hərbi baxımdan qismən uğur, iqtisadi baxımdan ağır yük, geosiyasi baxımdan qarışıq nəticə əldə etmiş olacaq: “Əgər Ukrayna ərazilərinin əhəmiyyətli hissəsini geri qaytarsa, Rusiya üçün bu nəticə açıq strateji məğlubiyyət olar, amma Kreml bunu da daxildə fərqli təqdim edə bilər. Məsələn; kollektiv Qərb və ya NATO faktorunu əsas gətirə bilər”.
Əsas sual: bu müharibədə real "qalib" varmı?
“Dörd ildən sonra mənzərə belədir: Ukrayna böyük dağıntılar yaşayıb, Rusiya çox ciddi zəifləyib, Avropanın təhlükəsizlik arxitekturası dəyişib, dünya bloklaşması isə dərinləşib. Belə müharibələrdə əsasən “qalib” yox, daha az uduzan tərəf olur. Rusiya-Ukrayna müharibəsində tam qələbə yox, yalnız nisbi üstünlük və ya daha az strateji itki mümkün ola bilər”-deyə Anar İsayev qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.