AZ

İmtahandan narazıların sırasına onlar da qoşuldu

Doktorant səviyyəsində təhsil alan bir qrup şəxs problemlə üzləşib.

Onlar qeyd edib ki, "Xarici dil minimum" imtahanı çətin olduğundan dəfələrlə imtahandan kəsilirlər. Hətta elə şəxslər var ki, 8-9 dəfə eyni imtahandan kəsilib. 

Nəticədə elmi işlərini müdafiə edə bilmirlər. Onlar iddia edirlər ki, hətta imtahanda onların ixtisaslarına uyğun olmayan suallar da verilir. Məsələ ilə bağlı Ali Attestasiya Komissiyası heç bir fikir bildirməyib.

Qeyd edək ki, son vaxtlar doktorantura ilə bağlı müxtəlif şikayətlər səslənir. Doğurdanmı hazırda doktoranturada ixtisasa uyğun suallar tərtib olunmur və burada təhsil alanlar dəfələrlə imtahandan kəsilməli olurlar?   

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, əslində bu məsələyə emosional yox, sistemli yanaşmaq lazımdır:

“Belə ki, "Xarici dil minimum" imtahanının çətin olması təkbaşına problem deyil. Burada problem odur ki, imtahanın məqsədi və tətbiqi mexanizmi arasında bir növ uyğunsuzluq yaranırsa, bu artıq struktur məsələsidir.

Ümumiyyətlə, bu imtahanın məqsədi nədir? Doktrantura səviyyəsində xarici dil tələbi təsadüfi deyil. Elmi məqalənin böyük hissəsi xarici dillərdə. əsasən də ingilis dilində dərc olunur. Ona görə də minimum akademik səviyyədə mətn oxumaq və anlamaq bacarığı  tələb olunur. Bu prinsip doğrudur. 

Ancaq suallar ixtisasa uyğun deyilsə, akademik oxu bacarığı yox, ümumi qrammatika yarışına çevrilibsə, eyni şəxs 8-9 dəfə kəsilibsə, burada artıq qiymətləndirmə modelinə baxmaq lazımdır. Qiymətləndirmə modelini DİM-in yalnış imtahan keçirməsi kimi qələmə vermək olmaz. Burada birinci ixtisas uyğunluğu məsələsi var.

Doktorantın məqsədi elmi məqalə oxumaq, mənbə təhlil etmək və annotasiya (latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir) yazmaqdır. Əgər imtahanda gündəlik mövzularda testlər, yüksək səviyyədə qrammatik incəliklər, ixtisasdan uzaq mətnlər verilirsə, bu məqəsədəuyğun deyil.

Məsələn, riyaziyyat üzrə dioktorantura oxumaq  istəyən şəxs üçün ədəbiyyatşünaslıq mövzusunda mətn, yaxud da hüquq doktorantına fizika mətni verilməsi  bu metodoloji baxımdan doğru yanaşma deyil”.

Ümumiyyətlə, imtahandan 8-9 dəfə kəsilməyə gəldikdə isə ekspert deyir ki, burada iki ehtimal var: 

“Ya şəxs zəif hazırlaşıb, ya da qiymətləndirmə səthidir. Normal sistemdə ya adaptasiya mexanizmi olur, yəni keçid balına yaxın nəticə üçün əlavə şans olur, ya da alternativ format olur.

Məsələn, beynəlxalq sertifikatın tanınmasını göstərmək olar. Əslində bu bizdə də var. Yəni beynəlxalq sertifikat alanda bu imtahanı verməyə də bilərlər. 

Ali attestasiya komissiyası doktorantura və elmi dərəcənin verilməsi üçün əsas qurumdur.Belə hallarda imtahan proqramı, qiymətləndirmə meyarları, şikayət mexanizmi  ictimai şəkildə izah olunmalıdır.

Əgər Ali Attestasiya Komissiyası sorğuya cavab vermirsə bu, müəyyən qədər suallar doğurur. Problemin həllində gəldikdə, testlərdə ixtisasyönümlü mətnlərdən istifadə olunmalıdır. Akademik oxu və tərcümə bacarığına fokuslanmalıdır. 

Beynəlxalq sertifikatlar məhz bizdə də tanınır. Keçid balına yaxın nəticələr üçün əlavə modul imkanları verilməlidir”.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr