ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-İran gərginliyi pik həddədir, hərbi müdaxilə istisna deyil
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik-in baş direktoru Rafael Qrossi İranın zənginləşdirilmiş uran ehtiyatlarının real vəziyyəti ilə bağlı kifayət qədər məlumata malik olmadıqlarını açıqlamaqla beynəlxalq ictimaiyyətdə narahatlıq doğuran mühüm mesaj verib.
Onun sözlərinə görə, bu qeyri-müəyyənlik potensial olaraq dramatik qərarlara səbəb ola bilər və vəziyyətin nəzarətdən çıxması riskini artırır: “Bu, qeyri-müəyyənlik yaraddır və qeyri-müəyyənlik dramatik qərarlara səbəb ola bilər. İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün zəruri elementlər masadadır və anlaşma əldə etmək mümkündür. ABŞ ilə İran arasında danışıqlar razılaşmaya gətirib çıxarmalıdır, əks halda güc tətbiqinə yol açıla bilər”.
Rafael Qrossi vurğulayıb ki, təcili məqsəd gərginliyin artmasının qarşısını almaq üçün danışıqları davam etdirməkdir.
Qeyd edək ki, nüvə proqramının şəffaflığı ilə bağlı qeyri-müəyyənlik beynəlxalq təhlükəsizlik sistemində ən riskli amillərdən hesab olunur və Qrossinin “qeyri-müəyyənlik dramatik qərarlara səbəb ola bilər” xəbərdarlığı əslində mümkün hərbi ssenarilərə işarə kimi oxunur. 26 fevralda Cenevrədə keçirilməsi nəzərdə tutulan ABŞ-İran görüşü bu baxımdan təkcə diplomatik təmas deyil, Yaxın Şərqdə böyük qarşıdurmanın qarşısını ala biləcək son siyasi pəncərələrdən biri kimi dəyərləndirilir. Eyni zamanda ABŞ-nin son aylarda Yaxın Şərqdə hərbi mövcudluğunu artırması diplomatik proseslə paralel “təzyiq vasitəsi” kimi şərh olunur. Əgər Cenevrə danışıqları nəticəsiz qalarsa, ABŞ-nin İranın nüvə obyektlərinə məhdud hərbi zərbələr endirməsi ehtimalı beynəlxalq analitik mərkəzlərdə real ssenari kimi müzakirə olunur. Belə bir addım isə təkcə İran-ABŞ qarşıdurması ilə məhdudlaşmayacaq, Hörmüz boğazının təhlükəsizliyi, enerji marşrutları və region ölkələrinin prosesə cəlb olunması fonunda genişmiqyaslı Yaxın Şərq böhranına çevrilə bilər. Buna görə də Cenevrə görüşü faktiki olaraq diplomatiya ilə müharibə arasında seçim nöqtəsi kimi qiymətləndirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan “Sherg.az”a bildirib ki, İran tərəfi nüvəni zənginləşdirməklə yalnız dinc məqsədlərlə istifadəni nəzərdə tutduğunu iddia edir. ABŞ isə buna inanmır və əsasən də İsrailin tələblərinə görə bundan həmin ölkəyə qarşı mənfi məqsədlərlə istifadə ediləcəyini önə sürür: “Hazırda ABŞ demək olar ki, İranı tamamilə mühasirəyə alıb və gərginlik hər an artmaqdadır. İran da öz mövqeyindən çəkilmir və o da müharibə hazırlıqlarını davam etdirir. ABŞ düşünür ki, İranı təcrid edərək sanksiyalar və psixoloji təziq vasitəsi ilə tələblərinə tabe etdirə bilər. İran isə həm hakimiyyəti həm də xalqı ağır iqtisadi böhrandan qorumaq naminə də olsa güzəştə getməyə hazır deyil. Danışıqlar formal və zaman qazanmaq xarakteri daşıyır. Belə çıxır ki, ABŞ dinc məqsədlərlə də olsa İranın nüvə zənginləşdirməsinə razı deyil. Çünki bu baş verərsə İran iqtisadiyyatına müsbət təsir göstərər və rejimin ömrü uzana bilər. Hər halda ABŞ həm iqtisadi həm də hərbi yöndən Tehrana təziqlərindən çəkinmir. Danışıqlarda İran bəzi tələblərə nisbətən razılıq göstərə bilər, amma sırf hakimiyyətin tənəzzülünə yol aça biləcək tələblərə konkret olmasa da dolayı yolla razı olmayacaq. Son günlərdə İranda yenidən tələbə gənclərin etirazı müşahidə olunur. Habelə İran Kürdüstanının azadlığını tələb edən bir neçə kürd qruplaşması birləşərək İran rejiminə qarşı barışmaz mövqe ortaya qoydular”.
T. İrfanın sözlərinə görə, İranda daxili vəziyyət də xarici durum kimi getdikcə ağırlaşır. Hətta yenilməz kimi görünən rejim içindən parçalanıb bir gündə belə dövr edilə, çökə bilər: “Çünki İranın de-fakto mühasirədə çox da uzun müddət qalacaq iqtisadi gücü yoxdur. Hərbi müdaxilə olmasa belə əhalinin ağır sosial durumu, etirazçıların həbsi əksəriyyəti hakimiyyətdən narazı salıb. Odur ki, İran tərəfi mümkün qədər vaxt qazanmaq, danışıqlara razılıq göstərməklə zamanı uzatmaq istəyir. Çünki zaman ona fayda versə də verməsə də alternativ çıxış yolu yalnız ABŞ-ın tələblərinə tabe olmaqdır. Şübhəsiz ki, ABŞ-ı da bu reallığı anlayır və ona uyğun davranır. Son ana qədər təziqlər və danışıqlarla müəyyən nailiyyətlər əldə etməyə ümid edir. Lakin görüşlər və danışıqlar nəticə verməsə yenə də daxili etirazlara təkan verməyə çalışacaqlar. Əgər bu da fayda verməsə görünür ki, İran hakimiyyətinə qarşı hərbi müdaxilə baş tuta bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.