AZ

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib - FOTOLAR

Fevralın 25-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov, Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2025-ci il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.

Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra hesabat ilində dünyasını dəyişmiş müxbir üzvlərin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli “Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə” mövzusunda məruzə ilə çıxış edib.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkəmiz üçün 2025-ci il bir sıra mühüm ictimai-siyasi hadisələrlə tarixə həkk olunmuşdur. Keçən ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsinin müddəalarının paraflanmasına nail olması böyük tarixi hadisədir. Azərbaycana Qarabağda tarixi Zəfər qazandırmış, Böyük Qayıdış hərəkatını uğurla həyata keçirən, ölkəmizin hərtərəfli inkişafına nail olmuş Prezident İlham Əliyevin dünyada Sülhün beynəlxalq təminatçılarından biri kimi yüksək nüfuz qazanması, müstəqil Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün böyük şərəf və iftixardır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, elmi mühitimiz üçün Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixdə Milli Elmlər Akademiyasının 80 illik yubileyində dərin məzmunlu, proqram xarakterli parlaq nitqi ilə Azərbaycan elminin, AMEA-nın mükəmməl yol xəritəsi müəyyən edilmişdir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, dövlət başçısının Azərbaycan dilinin təhlükəsizliyinin qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi haqqındakı çağırışlarına cavab olaraq ana dili – dövlət dili faktorunun əsas amil olduğu Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat institutlarında bu məsələ ön mövqeyə çıxarılmış, bir çox əhəmiyyətli tədqiqatların icrası daha da aktivləşdirilmişdir.

“Elmimizin tarixində ilk dəfə olaraq Milli Dil Korpusunun yaradılması, Orfoqrafiya lüğətinin yeni nəşrinin planlaşdırılması, ilk dəfə olaraq Orfoepiya lüğətinin hazırlanması, şəxs adları soraq-məlumat kitabının tərtib edilməsi Prezidentimizin ana dili dərslərinin işığında meydana çıxmış mühüm elmi nəticələrdir. Eyni zamanda, noyabr ayından sonra Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” və “Onomastika” şöbələrinin yaradılması Prezident İlham Əliyevin Dil siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edən addımlardır”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Natiq diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində çap olunmuş monoqrafik tədqiqatlar, keçirilmiş konfranslar da mahiyyət etibarilə dövlət başçısının həyata keçirdiyi ana dili siyasətinin elmi təzahürləridir. Ölkəmizdə və ümumən Türk dünyasında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası 2024-cü ildə qəbul edilmiş ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr etmişdir. Qalib ölkənin Qalib liderinin ana dili – dövlət dili siyasətinə, ortaq latın əlifbasının qəbul edilməsinə verdiyi dəstəyə əməli töhfəmizdir.

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyində tarix elmi ilə əlaqədar səsləndirdiyi fikirlərdə ölkə elmi mühitində, o cümlədən də Akademiyanın elmi-tədqiqat institutlarında tarixə dair tədqiqatlarda azərbaycançılıq meyarlarının, qədim tariximizin və müstəqil Azərbaycan dövlətinin maraqlarının və reallıqlarının ön mövqeyə çıxarılmasını şərtləndirmişdir.

“Hesab edirəm ki, tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı neondertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır. Hazırda həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir. Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcəkdir. Bundan başqa, uzun illərin fasiləsindən sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Atropatena dövlətinə həsr edilmiş yeni tədqiqatın meydana çıxması da əhəmiyyətli hadisədir. Tarix və Etnologiya İnstitutunda 3 cilddə nəzərdə tutulmuş Azərbaycan Respublikasının tarixinin, müstəqillik tariximizin hazırlanması sahəsindəki işlər də Prezidentimizin çağırışlarına tarix elminin cavabıdır”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Məruzədə, həmçinin vurğulanıb ki, Humanitar və İctimai Elmlər Bölməsinin elmi tədqiqat institutlarında, sahə elmi təşkilatlarında və ali məktəblərdə, universitetlərdə Qarabağ, Şərqi Zəngəzur, Böyük Qayıdış hərəkatı, reinteqrasiya, Qafqaz Almaniyası ilə əlaqədar tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, nəzəri səviyyəsinin və praktik əhəmiyyətinin artması da xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Botanika İnstitutunda hazırlanmış “Qarabağ Florası ensiklopediyası”, Geologiya İnstitutunda nəşr edilən 2 cildlik “Qarabağ və Şərqi Zəngəzur Geologiya və Mineral resurslar Atlası” da 2025-ci ilin ən mühüm elmi nəticələrindəndir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, 2 cilddə nəzərdə tutulan “Heydər Əliyev Ensiklopediyası” üzərində iş də tamamlanmaq üzrədir.

“Azərbaycan Respublikası Prezidentinin Milli Elmlər Akademiyasının 80 illik yubileyində texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliyi XXI əsr elminin zəruri prioritetləri kimi diqqət mərkəzinə çəkmişdir. Ümumi yığıncağa hesabat vermək istəyirəm ki, IV Sənaye inqilabının çağırışları ilə səsləşən bu qlobal trendlər Azərbaycan elmini ciddi surətdə məşğul etməkdədir. Hesabatını təqdim etdiyimiz 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında elektronlaşmadan rəqəmsallaşmaya və süni intellektə kimi prosesləri yaşanmışdır. Akademiyanın Rəyasət Heyətində 2023-2024-cü illərdə yaradılmış “Elektron xidmətlər” şöbələrinin 2025-ci ildə adlarının dəyişdirilərək “Rəqəmsal elm sahəsi və süni intellekt” adlandırılması həm də onların praktik elektron xidmətləri deyil, tədqiqatyönümlü funksiyaları yerinə yetirmələrinin göstəricisidir. Həmçinin 2025-ci ildə Elektron kitabxana hərəkatının sürətləndirilməsi və ilk dəfə olaraq Elektron Arxiv proqramının həyata keçirilməsinə başlanılması da ölkə rəhbərimizin qarşımıza qoyduğu vəzifələrin həlli istiqamətində gerçəkləşdirilmiş layihələrdir”, - deyə AMEA rəhbəri bildirib.

Həmçinin qeyd olunub ki, AR Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının “Astronomiya” jurnalının yüksək reytinqli Scopus bazasına daxil edilməsi də 2025-ci ilin mühüm elmi hadisələrindən biri hesab edilməlidir.

Akademik İsa Həbibbəyli beynəlxalq və ölkədaxili elmi əməkdaşlıqlar əsasında tədqiqatların artmasını və əhatə dairəsinin genişlənməsini də mühüm yeniliklərdən biri hesab edib: “İlk dəfədir ki, AMEA-nın hazırladığı “Hesabat” məcmuəsində də beynəlxalq elmi əməkdaşlıq və ölkə üzrə əməkdaşlıq əsasında aparılmış elmi-tədqiqat işləri ayrıca bölmələrdə təqdim olunmuşdur. “Hesabat”dan görünür ki, Yer Elmləri Bölməsinin Neft və Qaz İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində də xarici ölkələrin tədqiqatçıları ilə birgə ortaq tədqiqatlar aparılmışdır. İctimai Elmlər Bölməsinin əhatə etdiyi İqtisadiyyat İnstitutunda da ortaq tədqiqatlara doğru addımlar müşahidə edilməkdədir. Humanitar Elmlər Bölməsi üzrə də bu istiqamətdə 2 elmi tədqiqat işinin adını çəkmək olar”.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Bolqarıstan Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şəki Regional Elmi Bölməsi birlikdə “Şəki gülüşü və Qabrovo yumoru” tədqiqatının birinci mərhələsini başa çatdırıb. Eyni adlı kitab AMEA-nın 80 illik yubileyi tədbirlərində iştirak etmiş Bolqarıstan Elmlər Akademiyasının prezidentinə təqdim olunmuşdur.

Həmçinin Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə üzərində işlədikləri “Nizami Gəncəvi və Şota Rustaveli” layihəsinin I mərhələsinə dair tədqiqat 2024-cü ildə Kembric Universitetində və Tbilisidə kitab halında nəşr olunmuşdur. Hazırda tədqiqatın ikinci mərhələsində AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Gəncə Bölməsi də iştirak edir və Azərbaycan tərəfi 2025-ci ildə layihənin icrası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirmişdir.

Akademik İsa Həbibbəyli bildirib ki, ümumiyyətlə, həm dünyanın digər ölkələrinin elmi tədqiqat institutları və universitetləri, həm də ölkədaxili elmi əməkdaşlıq işinə ciddi fikir verilməlidir: “Son illərdə Nobel mükafatına layiq görülmüş işlərin demək olar ki, hamısının kollektiv tədqiqatlardan ibarət olduğunu nəzərə alsaq, elmdə beynəlxalq əməkdaşlığın nə qədər aktual və zəruri olduğunu görə bilərik”.

“Monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malik olan Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyildir. Akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar”, - deyə AMEA rəhbəri vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Akademiya kollektivi bundan sonra da dövlət başçısının uzaqgörən, müdrik siyasətini qətiyyətlə dəstəkləyəcək, cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verməyə davam edəcəklər.

Sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümumi yığıncaq iştirakçılarını AR elm və təhsil naziri Emin Əmrullayev adından salamlayıb.

Qeyd edib ki, bu gün elmi araşdırmaları, yaradıcı cəmiyyətləri, innovativ fəaliyyətləri yüksək olan ölkələr böyük inkişafa nail olublar. O bildirib ki, AMEA-nın 80 illik yubileyindəki nitqində Prezident İlham Əliyev süni intellekt, rəqəmsal texnologiyaların inkişafı və kibertəhlükəsizliyi ölkəmizin gələcək prioritet istiqamətləri kimi müəyyən edib, bunun üçün elmi potensialın səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Firudin Qurbanov müasir texnologiyaların, süni intellektin inkişafının 44 günlük Vətən müharibəsində qələbəmizin əldə edilməsində mühüm rol oynadığını deyib.

Dövlət başçısının müvafiq Fərmanından irəli gələrək elm və təhsil sahəsində aparılan struktur islahatlarından danışan nazir müavini optimallaşma nəticəsində hazırda 15 elmi müəssisənin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini, əsas məqsədin təhsil, elm və istehsalat arasında inteqrasiyanın təmin edilməsi olduğunu bildirib.

F.Qurbanov diqqətə çatdırıb ki, qəbul olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qarşıda mühüm vəzifələr müəyyənləşdirir, bu istiqamətdə yeni layihələr həyata keçirilir, təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək.

Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “AMEA-nın, elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında” məruzəsi dinlənilib.

Akademik Arif Həşimov qeyd edib ki, hesabat ilində AMEA öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və fərmanlar əsasında təşkil edib, dövlət başçısının “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir” tezisini elm qarşısında yeni prioritet kimi qəbul edib. Akademiyanın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarlarından irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Akademik-katib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını və 3 noyabr 2025-ci il tarixində keçirilən AMEA-nın 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirakını Azərbaycan elminə göstərilən diqqətin bariz nümunəsi kimi dəyərləndirib.

Akademik Arif Həşimov hesabat dövrü üzrə təqdim olunan elmmetrik göstəricilərin əvvəlki illərlə müqayisədə elmi tədqiqatların dayanıqlı inkişafını təsdiqlədiyini bildirib.

Tədbirdə, həmçinin AR Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri akademik Yaqub Mahmudov çıxış ediblər. Həmçinin akademik Əli Abbasovun “Rəqəmsal elm və süni intellekt”, AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin “AMEA-nın tabeliyində olan elmi-tədqiqat müəssisələrinin elmimetrik reytinq göstəriciləri” mövzularında məruzələri dinlənilib.

Sonda AMEA-nın Ümumi yığıncağının qərarı səsləndirilib.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
6
1
sia.az

2Mənbələr