AZ

İsraildən şok həmlə: Hədəfdə həm İran, həm Türkiyə var!

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Aralıq dənizi ətrafında və Yaxın Şərq daxilində bütöv bir sistem, ittifaq qururuq.

“Bu ittifaqa Hindistan, ərəb ölkələri, Afrika ölkələri, eləcə də Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri daxildir. Həmçinin hazırda adlarını açıqlamaq istəmədiyim bəzi Asiya dövlətləri də bura daxildir.

Məqsəd reallığı, qarşıdakı çağırışları və hədəfləri eyni baxış prizmasından qiymətləndirən ölkələr oxu yaratmaqdır. Həm bizim mübarizə apardığımız və qətiyyətlə qarşı durduğumuz radikal şiə oxuna, həm də radikal sünni oxuna qarşı bir ox”, – o bildirib.

Elxan Şahinoğlu

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Hindistan və ərəb ölkələri ilə yanaşı, Yunanıstan və Kipr kimi Aralıq dənizi dövlətləri nəqliyyat marşrutları və ticarət dəhlizləri baxımından xüsusi strateji əhəmiyyət daşıyır:

“Əslində, “Böyük 20”-lərin (G20) Dehlidə keçirilən görüşündə bu istiqamətdə bir sıra təkliflər irəli sürülüb. Daha sonra Yaxın Şərqdə müharibələr genişləndi, Qəzzada gərginlik artdı. Beləcə, layihə arxa plana keçdi. Ümumiyyətlə, həmin dövrdə regional müharibələr fonunda layihənin reallaşması mümkün deyildi.

ABŞ Prezidenti Donald Tramp indiki məqamda Qəzzanın yenidən qurulması üçün sülh təşəbbüsü irəli sürüb. Qəzzada nisbi sakitlik hökm sürür və bu, layihəni yenidən aktuallaşdırır. Bu sülh təşəbbüsü başlanarkən, “Böyük 20″-lərin irəli sürdüyü dəhliz məsələsi yenidən gündəmə gəlir.

Hindistan Baş naziri Narendra Modinin İsrailə səfərinin bir mövzusu məhz budur. Düzdür, Modi İsrail Baş naziri Netanyahu ilə əməkdaşlığı və hərbi məsələləri, süni intellekt sahəsində əməkdaşlığı müzakirə edir. Lakin məsələ, əslində, İsrailin qeyd edilən ittifaqa dair planıdır”.

“Göründüyü kimi, layihənin ərazisi və iştirakçıları genişdir. Nə qədər bu məsələ müzakirə olunacaq və hansı nəticələr əldə ediləcək, hazırkı məqamda demək çətindir. Lakin Yaxın Şərqin problemləri hələ də həll olunmayıb. İran ətrafında gərginlik davam edir və müharibə baş verərsə, layihə yenidən gündəmdən düşə bilər”, – deyə politoloq əlavə edib.

Atilla Rzasoy

Seçilən
19
nocomment.az

1Mənbələr