AZ

Azərbaycanda sığorta şirkətləri 156 milyon manat yığıb, 62 milyon ödəyib...



Bu ilin yanvarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 156.6 milyon manat olub. Mərkəzi Bankbildirir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4.3 faiz azdır. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62 milyon manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 30 faiz çoxdur. Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda sığorta bazarında bir elə də rəqabət mühiti yoxdur. Onların fikrincə, bu da həm dövlətin, həm də vətəndaşların maraqları ilə üst-üstə düşmür. Halbuki, ötən il bu sahədə sürətli artım olduğu bildirilirdi. Rəsmi açıqlamalara görə, 2025-ci ildə Azərbaycanda sığorta bazarının həcmi 10 faiz artaraq 1.5 milyard manata çatmışdı.

Qeyd edək ki, son illərdə Azərbaycanda sığorta sektorunda müşahidə olunan əsas tendensiyalardan biri sığorta şirkətlərinin yığımlarının, yəni sığorta haqları üzrə daxilolmaların artım tempinin zəifləməsi və bəzi hallarda azalmasıdır. Halbuki ölkədə iqtisadi aktivliyin bərpası, infrastruktur layihələrinin genişlənməsi və sahibkarlıq mühitinin inkişafı sığorta bazarının böyüməsi üçün əlverişli şərait yaratmalı idi. Mövcud vəziyyət göstərir ki, yığımların azalması yalnız iqtisadi amillərlə deyil, həm də struktur və institusional problemlərlə bağlıdır. İlk növbədə, əhalinin real gəlirlərinin artım tempinin zəifləməsi sığorta bazarına birbaşa təsir göstərir. İnflyasiya fonunda gündəlik xərclərin artması nəticəsində vətəndaşlar prioritet olaraq əsas tələbat mallarına və xidmətlərə üstünlük verir, könüllü sığorta məhsullarına maraq isə azalır. Xüsusilə həyat sığortası, əmlak sığortası və tibbi sığorta kimi məhsullar bir çox ailələr üçün əlavə xərc kimi qiymətləndirilir. Bu isə sığorta şirkətlərinin portfelində könüllü sığorta növlərinin payının azalmasına səbəb olur. Digər mühüm amil bazarda rəqabət strukturunun dəyişməsidir. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı məhdud olsa da, bazar əsasən icbari sığorta növləri üzərində formalaşıb. Avtomobil sahiblərinin mülki məsuliyyət sığortası kimi icbari məhsullar bazarın əsas hissəsini təşkil edir. Lakin bu seqment artıq müəyyən doyma mərhələsinə çatıb və yeni artım imkanları məhdudlaşıb. Könüllü sığorta məhsullarının kifayət qədər inkişaf etməməsi isə ümumi yığım həcminin genişlənməsinə mane olur. Bununla yanaşı, bəzi hallarda sığorta ödənişləri ilə bağlı yaranan narazılıqlar da bazara mənfi təsir edir. Müştərilərin zərər hadisələri zamanı ödənişlərin gecikdirilməsi və ya imtina halları ilə üzləşməsi sektor üzrə etimad səviyyəsini zəiflədir. Etimadın azalması isə yeni müqavilələrin bağlanmasını çətinləşdirir və mövcud müştərilərin sığortadan imtina etməsinə gətirib çıxarır. Rəqəmsallaşma prosesinin tam sürətlə tətbiq olunmaması da sektorda artımı məhdudlaşdıran amillərdəndir. Müasir dövrdə sığorta məhsullarının onlayn satışı, sürətli xidmət və fərdiləşdirilmiş təkliflər mühüm əhəmiyyət daşıyır. Rəqəmsal platformaların zəif inkişafı potensial müştərilərin cəlb edilməsini çətinləşdirir və xüsusilə gənc nəsil arasında sığortaya marağın aşağı qalmasına səbəb olur.

Ramil QULİYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr