“Əslində, səsləndirdiyim fikir tam olaraq elə deyildi. Demişdim ki, Azərbaycandakı mövcud hüquqi qanunvericilik boşanma hallarının qarşısını almır. Gərək qanunvericilik çətinləşdirilsin və boşanmalar bu qədər əlçatan olmasın. Dövlətin prosesi çətinləşdirmək üçün nələr edəcəyini, yəni cərimə-filan tətbiq olunacağını, qanunda nə dəyişikliklər ediləcəyini bilmirəm”.
Bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub deyib.
Xatırlayırsınsa, onun boşanan cütlüklərin 50 min dollar cərimə olunması barədə təklifi səslənmişdi. Daha doğrusu, bu, "Facebook" səhifələrində paylaşılmışdı. Boşananların cərimələnməsinə dair ilk təklif xanəndə Eldəniz Məmmədovdan gəlmişdi. O, 10 əskik cərimə məbləği səsləndirmişdi - 40 min dollar. Amma E. Məmmədovun məğləqdən daha çox nümunə gətirdiyi dəlillə müzakirə hədəfi olmuşdu. Çünki onun boşanmaya dair Türkiyə qanunvericiliyinə istinadı yanlışdı.
Mail Yaqub boşanmaların əsasən maddiyatla bağlı olması fikri ilə razılaşmır:
"Bu fikir nəyə və hansı statistikaya əsaslanır? Azərbaycanda boşanmaların səbəbi ilə bağlı hələ ciddi statistikaya rast gəlməmişəm. Yəni əsas səbəb nədirsə, bilmirik. Şəxsən tanıdığım neçə ailə var ki, boşanıblar, amma səbəb maddiyatla bağlı deyil. Ya xanım aqressiv, acıdildir, ya da kişi. Görünür ki, onların psixoloji olaraq problemləri var, ona görə də boşanırlar.
Düşünürəm ki, boşanmanların böyük əksəriyyətində ciddi səbəb yoxdur. Müşahidələrimə əsaslanaraq bunları deyirəm. Hər iki tərəf özünü ələ almır və boşanmalar da hüquqi baxımdan əlçatan olduğu üçün bu yolu seçirlər. Vəssalam”.
Sosioloq təklif edib ki, boşanma qaydaları çətinləşdirilsin:
“Mən də görürəm ki, cərimələrin artması insanlarda ikrah hissi yaradır. Bütün sahələrdə tətbiq edilən cərimələr narazılıqla qarşılanır. Təklifim də sırf boşanmaların rahat olması ilə bağlı olub. Çünki bu gün boşanma prosesi çox adiləşib, ona görə say da günü-gündən artır. Bütün bunların qarşısını almaq üçün hüquqi baxımdan dəyişikliklər etmək lazımdır. Düzdür, mən hüquqşunas deyiləm. Sadəcə təklif irəli sürə bilərəm. Hər şeyi bu qədər əlçatan etmək doğru deyil. Belə olan halda gənclər ailəni qorumaq üçün səy göstərmirlər. Normal olaraq da boşanmaların sayı artmaqda davam edir”.
Aydan Hacı
Telegram kanalımız