AZ

Hava ilə bağlı YENİ XƏBƏR – Ciddi nəticələri ola bilər

Fevralın son günlərində ölkə ərazisində havanın kəskin soyuması, bəzi dağlıq rayonlarda temperaturun 10 dərəcəyədək şaxtaya enməsi fonunda diqqət çəkən əsas məqamlardan biri qış fəslinin demək olar ki, qar­sız başa çatmasıdır. Artıq bir aya yaxın müddətdən sonra Azərbaycanda təqvim üzrə yaz fəsli başlayacaq, lakin bu qış paytaxt Bakıya və Abşeron yarımadasına normal qar yağması ilə yadda qalmadı. Mütəxəssislər bunun təkcə meteoroloji yox, həm də ciddi ekoloji nəticələri olduğunu bildirirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, qışın qarsız keçməsi və havaların kəskin, qeyri-sabit dəyişməsi iqlim sistemində baş verən dərin pozuntuların göstəricisidir.

Telman Zeynalov

Onun sözlərinə görə, bu cür hava şəraiti artıq istisna yox, təhlükəli tendensiyaya çevrilir:

“Qar örtüyü təbiətdə çox mühüm rol oynayır. Qar torpağı donmaqdan qoruyur, yaz aylarında isə tədricən əriyərək yeraltı suların formalaşmasına şərait yaradır. Bakıda və Abşeron yarımadasında uzun illərdir qarın normadan xeyli az yağması torpağın nəmlik balansını pozur, yaşıllıqların inkişafına mənfi təsir göstərir və gələcəkdə su qıtlığı riskini artırır”.

Ekoloq qeyd edib ki, havanın bir neçə gün ərzində kəskin isinib, ardınca şaxtaya düşməsi xüsusilə kənd təsərrüfatı üçün təhlükəlidir.

Onun sözlərinə görə, belə dəyişkən hava ağacların vegetasiya dövrünü pozur, erkən oyanma və sonradan donvurma hallarına səbəb olur:

“Fevralda temperaturun normadan yüksək olması bitkilərdə yaz proseslərini vaxtından əvvəl aktivləşdirir. Ardınca gələn şaxta isə çiçəkləri, tumurcuqları məhv edir. Bu, meyvə bağlarında məhsuldarlığın azalmasına, bəzi hallarda isə tam itkiyə gətirib çıxarır. Fermerlər bunun nəticəsini yazın sonu, yayın əvvəlində daha aydın hiss edəcəklər”.

Telman Zeynalov vurğulayıb ki, qarsız qış həm də havanın keyfiyyətinə mənfi təsir edir:

“Qarın olmaması nəticəsində toz və zərərli hissəciklər atmosferdə daha uzun müddət qalır. Qar təbii filtr rolunu oynayır. Yağdığı zaman havadakı toz, ağır metallar və digər çirkləndiricilər yerə çökür. Qar olmayanda isə bu maddələr havada qalır və insanların nəfəs yollarına birbaşa təsir edir. Xüsusilə Bakıda bu, allergiya, tənəffüs və ürək-damar xəstəliklərinin artmasına səbəb ola bilər”.

Ekoloqun sözlərinə görə, qışın sonuna yaxın kəskin şaxtaların müşahidə olunması iqlim dəyişmələrinin tipik əlamətidir və bu proses artıq qlobal miqyasda müşahidə olunur:

“Əvvəllər fəsillər daha sabit idi. İndi isə qış qarsız keçir, yazda sel və daşqınlar artır, yayda isə anomal istilər müşahidə olunur. Bu, təbiətin verdiyi açıq xəbərdarlıqdır. Əgər biz ekoloji tarazlığı qorumaq üçün ciddi addımlar atmasaq, bu cür ekstremal hava hadisələri daha tez-tez baş verəcək”.

Telman Zeynalov əlavə edib ki, xüsusilə şəhər mühitində yaşıllıqların azalması, torpağın betonla örtülməsi və sənaye çirklənməsi iqlim təsirlərini daha da sərtləşdirir:

“Bakının ətrafında yaşıl zolaqların azalması, torpağın nəfəs almaması qarın az yağması və temperatur dəyişkənliyi ilə birlikdə mikroiqlimi pozur. Nəticədə nə qış qış olur, nə də yaz yaz. Su ehtiyatlarının qorunması, yaşıllıqların artırılması, sənaye tullantılarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma strategiyaları artıq zərurətə çevrilib. Əks halda, qarın Bakıya həsrət qalması adi hal olacaq, bunun əvəzində isə daha sərt və dağıdıcı hava şəraiti ilə üzləşəcəyik”.

Tunar
NOCOMMENT.az

Seçilən
27
nocomment.az

1Mənbələr