AZ

Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Tbilisi, 25 fevral, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, tədbirin məqsədi uşaqlara Xocalı faciəsi haqqında məlumat vermək, tarixi həqiqətləri gənc nəslə çatdırmaq və milli yaddaşın qorunmasına töhfə verməkdir.

Mərkəzin sədri Leyla Əmrahova Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını qeyd edib. Vurğulayıb ki, belə tədbirlər gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.

O, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalının işğaldan azad edildiyini, bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb: “Xocalının yenidən dirçəldilməsi tarixi ədalətin bərpasının bariz nümunəsidir. Azərbaycan xalqı Zəfər qazanıb və bu Qələbə gənc nəslə böyük ümid, inam aşılayır. Belə tədbirlər uşaqlarda gələcəyə inamın, qürurun və pozitiv ruhun formalaşmasına mühüm töhfə verir”.

Leyla Əmrahova Qarabağa səfəri ilə bağlı təəssüratını da bölüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov milli dəyərlərin qorunmasının və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində Xocalı həqiqətlərini əks etdirən film və kompozisiya nümayiş olunub, faciəyə həsr edilmiş şeirlər oxunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
9
azertag.az

1Mənbələr