Emmanuel Makron son dövrlər oğurluq, işçi tətilləri və su sızmaları ilə gündəmə gələn dünyaca məşhur Luvr Muzeyinə yeni direktor təyin edib.
Milli mətbuatda yayılan xəbərlərə görə, hökumət sözçüsü Mod Brejon Prezident Makronun paytaxt Parisdə yerləşən Luvr Muzeyinin direktoru vəzifəsinə Kristof Leribo təyin olunduğunu açıqlayıb.
Son aylarda qalmaqallarla gündəmə gələn muzeyin əvvəlki direktoru Lorans de Kar dünən vəzifəsindən istefa verib.
Yelisey Sarayından verilən açıqlamada bildirilib ki, muzeyi daha təhlükəsiz və müasir hala gətirmək üçün yeni mərhələyə ehtiyac var.
Tarixi eksponatlar oğurlanmışdı
Təxminən 35 min eksponatın sərgiləndiyi Luvr Muzeyi 19 oktyabr 2025-ci ildə qarət edilmişdi. Dörd nəfərin həyata keçirdiyi və 7 dəqiqə davam edən soyğun zamanı tarixi dəyərə malik 8 zinət əşyası oğurlanmışdı.