Daha əvvəl qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olması ilə bağlı məlumatlar yayılan "kosmetoloq" Nigar Rüfət hələ də "Laser Beauty Clinic"də fəaliyyətini davam etdirir.
Fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Laser Beauty Clinic"də yoxlama keçirilib.
Analitik Ekspertiza Mərkəzindən bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:
"Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir".
Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.
Qeyd edilib ki, məsələ araşdırılır. Müvafiq qərar veriləndən sonra ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, bu, Azərbaycanda ilk belə hadisə deyil.
İxtisası həkim-kosmetoloq kimi işləməyə uyğun olmayan şəxsin kosmetoloq kimi fəaliyyət göstərməsi hansı maddələr üzrə cinayət və ya inzibati məsuliyyət yaradır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin həkim olmamalarına baxmayaraq, özlərini həkim- kosmetoloq kimi təqdim etməsi müşahidə olunur:

“Özlərini həkim- kosmetoloq kimi təqdim edənlərlə bağlı cəmiyyətdə çoxsaylı şikayətlər və narazılıqlar var. Hətta Səhiyyə Nazirliyində bu məsələ ilə bağlı araşdırma aparılacağı ilə bağlı məlumatlar yayılıb. İlkin olaraq burada iki situasiya mümkündür.
Birincisi, mövcud informasiyaya əsaslansaq, ümumiyyətlə, həkimlik ixtisasına yiyələnməmiş şəxslərin özlərini həkim kosmetoloq kimi təqdim etməsi halları müşahidə olunub.
Bu halda şəxs təbii olaraq məsuliyyət daşıyır, çünki həkim olmadığı halda bu fəaliyyətlə məşğul olması düzgün deyil (Cinayət Məcəlləsinin 195-ci maddəsi – “Tibbi fəaliyyəti qanunsuz həyata keçirmə”)”.
Onun sözlərinə görə, belə hallarda müvafiq qurum həmin şəxsə qarşı araşdırma apara bilər və hətta cinayət işinin açılması da mümkündür:
“Ən yaxşı halda, şəxsin özünü vəzifəli şəxs kimi təqdim etməsi səbəbindən cinayət işi başlana bilər (Cinayət Məcəlləsinin 308-ci maddəsi – “Vəzifəli şəxs kimi təqdim etmə”).
Bu hallarda şəxsin əsas məqsədi gəlir əldə etmək olur və bu məqsəd üçün özünü ixtisaslı həkim kimi təqdim etməsi vəzifəli şəxs kimi təqdim olunmasına bərabər tutularaq cinayət məsuliyyətinə səbəb ola bilər”.
Hüquqşünas qeyd edib ki, ikinci hal isə başqa sahənin həkiminin sonradan həkim- kosmetoloq kimi fəaliyyət göstərməsidir:
“Azərbaycanda məlumatlara görə, kosmetologiya sahəsində hələ ixtisas mövcud deyil. Bəzi hallarda bu sahədə çalışanlar dermatologiya ixtisası istiqamətində təhsil alıblar, lakin kosmetoloji sahə genişdir və gələcəkdə Azərbaycada tibb təhsilində bu ixtisasın yaradılması ehtiyacı ola bilər.
Belə halda, başqa sahənin həkimi özünü kosmetoloq kimi təqdim etsə də, bu, onun vəzifəli şəxs kimi təqdim olunmasına bərabər tutulmur. Lakin kosmetoloji prosedurların nəticəsində vətəndaş zərər görsə, həmin şəxsdən şikayət etmək hüququ var (İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi – “Tibbi xidmət göstərərkən qaydanın pozulması” və ya Cinayət Məcəlləsinin 177-ci maddəsi – “Sağlamlığa zərər vurma”).
Səhiyyə Nazirliyi bu sahədə geniş araşdırma aparmağa məcburdur, çünki kifayət qədər narazılıqlar mövcuddur.
Problemin aradan qaldırılması yalnız özlərini həkim kosmetoloq kimi təqdim edən şəxslərin fəaliyyətinin araşdırılması və nəticədə onların fəaliyyətinə icazə verilib-verilməməsi məsələsinin həllindən sonra mümkün olacaq”.