Vaşinqton administrasiyası BMT Baş Assambleyası tərəfindən Ukrayna ilə bağlı qəbul edilmiş qətnamədə suverenlik və ərazi bütövlüyünə vurğu edilməsinin sülh prosesini irəliyə aparmadığını iddia edib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Brus bu cür ifadələrin diqqəti danışıqlar prosesindən yayındırdığını bildirib və qeyd edib ki, diqqət münaqişənin həllinə yönəldilməlidir.
Xatırladaq ki, fevralın 24-də BMT Baş Assambleyası Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnaməni 107 səslə qəbul edib, lakin ABŞ mətni dəstəkləməyib. Vaşinqtonun suverenlik və ərazi bütövlüyü ilə bağlı bəndlər üzrə ayrıca səsvermə təklifi rədd edilib. Ukrayna tərəfindən hazırlanmış qətnamə layihəsi olduğu kimi qəbul edilib.
Rusiya, Belarus, İran və Şimali Koreya da daxil olmaqla 12 ölkə isə əleyhinə səs verib. Ermənistan, Braziliya, Macarıstan, Qazaxıstan, Serbiya və Özbəkistan da daxil olmaqla 51 ölkə isə bitərəf qalıb.
TAHİR