AZ

Ermənistanın müdafiə nazirinin Trampdan İrana “gizli mesajları”...



Məhəmməd Əsədullazadə: “Ermənistan regionda ciddi oyunçu deyil və ciddi ölkə sayılmır ki, Amerika kimi super güc məhz rəsmi İrəvan vasitəsilə İrana mesaj ötürsün”

Fevralın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan İrana rəsmi səfər edib. Papikyan bu barədə özünün “Facebook” səhifəsində məlumat verib. “Fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəldim", - Papikyan bildirib.

Ermənistanın müdafiə nazirinin İrana səfəri bir sıra ehtimalların meydana çıxmasına səbəb olub. Bəzi ekspertlər hesab edir ki, hazırda İran və ABŞ arasında danışıqlar getdiyi üçün Ermənistanın müdafiə nazirinin səfərinin bir məqsədi də İrana ABŞ-ın mesajlarını çatdırmaq ola bilər. Yəni ekspertlər bu ehtimalı da nəzərdən keçirirlər.

Papikyan İrana Trampdan hər hansı bir gizli mesajı apara bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Ermənistanın müdafiə nazirinin İrana səfərinin İran ətrafında baş verən proseslərlə bağlı olduğu istisna edilmir. “Xüsusilə əgər ABŞ hücum edərsə İran Ermənistanı özünə qarşı platstarım rolunda çıxış etməsindən narahatdır. Görünür, İran tərəfin narahatlıqları var. Ermənistanın müdafiə naziri də məhz İrana səfər edərək İranın bu məsələdə narahat olmamasını demək istəyir. Son aylar Ermənistanla ABŞ arasında münasibətlər sıxlaşıb, xüsusilə də hərbi-texniki müstəvidə əməkdaşlıq, TRİPP layihəsi ilə bağlı məsələ də İranı narahat edən məqamlardandır. Bu məsələlər də müzakirə olunmuş ola bilər. Amma Ermənistanın müdafiə nazirinin rəsmi Tehrana ABŞ prezidentinin gizli mesajını çatdırdığını düşünmürəm. Ehtimal etmirəm ki, rəsmi Vaşinqton bu məsələni İrəvana etibar edə bilər. Çünki Ermənistan regionda ciddi oyunçu deyil və ciddi ölkə sayılmır ki, Amerika kimi super güc məhz rəsmi İrəvan vasitəsilə İrana mesaj ötürsün. ABŞ bu mesajı Türkiyə və Azərbaycan vasitəsilə ötürə bilər, onların vasitəçiliyinə etibar edər. Amma Amerikanın İrəvan vasitəsilə bunu etməsini düşünmürəm”.

M.Əsədullazadə vurğuladı ki, bu səfər İranla Ermənistan arasında hərbi və digər sahələrdə iki tərəfli əməkdaşlıqlarla, birgə təlimlərlə bağlı ola bilər. “Çünki İran tərəf istəmir ki, Şimal tərəfdən özünə qarşı hər hansı bir təhlükə yaransın”-deyə M.Əsədullazadə bildirdi.

İradə SARIYEVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr