Abşeron rayonunun Mehdiabad qəsəbəsində zədələnən su xəttinin günlərlə təmir olunmaması sakinlərin narazılığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Gənclər Şəhərciyi, bina 11-in qarşısında su xətti zədələnib və nəticədə içməli su günlərdir israf olunur.
Sakinlər qeyd ediblər ki, problem artıq bir neçə gündür davam edir: “Günlərdir bu mənzərənin şahidiyik, amma gəlib tədbir görən yoxdur”.
Məsələ ilə bağlı sorğuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən xətt qurumun xidmət dairəsinə aid deyil.
Eyni zamanda, “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı da açıqlamasında qeyd edib ki, qəza baş verən xətt onların balansında deyil:
“Əraziyə baxış keçirilib. Qəza baş verən xətt bizim quruma aid deyil”.
Qeyd edək ki, hazırda ərazidə təmir işlərinin aparılması ilə bağlı a videogörüntü daxil olub. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, sözügedən su xəttinin hansı quruma aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb və problem aradan qaldırılmayıb. /Oxu.Az-/