İrəvanda iyun ayında keçiriləcək seçkilər ərəfəsində prorusiya yönlü qüvvələrin hakimiyyəti ələ keçirmək planları ətrafında siyasi gərginlik artır.
NOCOMMENT.az xəbər verir ki, hakimiyyət bu qüvvələrin “Gümrü-2” adlanan ssenari ilə parlamentdə birləşərək koalisiya qurmaq niyyətində olduğunu bildirir.
Ermənistan rəhbərliyi müxalifətin əsas fiqurları olan Qaqik Tsarukyan, Samvel Karapetyan və sabiq prezident Robert Köçəryanı xəbərdar edərək, bu planın reallaşmasına imkan verilməyəcəyini vurğulayıb.
Məlumata görə, ötən il Gümrüdə prorusiya qüvvələri seçkilərdə ayrı-ayrılıqda iştirak etsələr də, sonradan bələdiyyə şurasında birləşərək hakim partiyanı azlıqda qoymuş və öz namizədlərini mer seçmişdilər. Ermənistan hakimiyyəti bu modelin Moskva tərəfindən hazırlandığını və indi ölkə miqyasında tətbiq edilmək istəndiyini iddia edir.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri bildiriblər ki, məqsəd seçiciləri çaşdırmaq və hakim partiyanın parlamentdə çoxluq qazanmasının qarşısını almaqdır. Parlamentin vitse-spikeri Ruben Rubinyan bu ssenarinin ölkənin gələcəyi üçün təhlükə yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, Köçəryan və ona yaxın oliqarxların hakimiyyətə gəlməsi Ermənistanın sülh yolundan uzaqlaşmasına və yeni müharibə riskinin yaranmasına səbəb ola bilər.
Digər deputat Vaagn Aleksanyan isə müxalifətin planlarının baş tutmayacağını bildirib və “Gümrü-2” əməliyyatının qarşısının alınacağını deyib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Ermənistanda cari il iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi rəqabət kəskin fazaya adlayır:
“Siyasi qüvvələr öz maraqları naminə müxtəlif taktiki gedişlər edirlər. Mövcud pərakəndəlik şəraitində müxalif düşərgənin vahid cəbhədə birləşməsi variantı gündəmdən düşmür. Bu istiqamətdə ən fəal fiqur sabiq dövlət başçısı Robert Köçəryandır. Hələlik müxalifəti birləşdirən məsələ “Paşinyan getsin” devizidir, onun yerinə kimin necə gəlməsi söhbətində müxalifətin mövqeyi fərqli və ziddiyyətlidir. Əgər müxalifət xalqın böyük qismini inandıra bilsə ki, Paşinyan dövlətçiliyi tamamilə itirir, o zaman vahid blok hökumət üçün real təhlükəyə çevrilə bilər”.
Şərhçi qeyd edib ki, lakin indiki vəziyyətdə müxalifətin daxili parçalanması Paşinyanın ən böyük sığortası hesab olunur:
“İndiki şəraitdə Paşinyanın məğlubiyyəti sülh prosesinin dondurulmasına və ya tamamilə ləğvinə səbəb ola bilər. Çünki müxalifətin ritorikası itirilmiş mövqeləri geri qaytarmaq və delimitasiya prosesini dayandırmaq üzərində qurulub. Revanşistlər Paşinyanın Azərbaycanla olan istənilən razılaşmasını “ölkənin satılması” kimi qələmə verirlər. Ələlxüsus, 2026-cı ilin əvvəlindən etibarən Ermənistanda dezinformasiya və hibrid hücumların artması müşahidə olunur. Müxalifətin hakimiyyətə gəlişi Ermənistanın yenidən özünütəcrid vəziyyətinə qayıtması və gərginlik ocağı kimi qalması deməkdir. Paşinyanın qalibiyyəti isə regionun kənar qüvvələrin, xüsusilə Rusiya-Qərb qarşıdurmasının poliqonuna çevrilməsinin qarşısını bir qədər ala bilər.
Nəticə etibarilə, Ermənistan seçicisi qarşısında iki yol var: ya sağlam təfəkkürlə mövcud reallığı qəbul edib sülh və sabitlik içində yaşayacaqlar, ya da utopik xəyallar dalınca gedərək yeni fəlakətlərə sürüklənəcəklər”.
Tunar
NOCOMMENT.az