Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilib. Maraqlı məqam isə odur ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu hal isə sosial mediada kəskin təndiq edilib.
Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, AMEA Rəyasət Heyətinin tədbirində rəhbər danışarkən professorlarımızın mürgüləməsi xoşagəlməz mənzərədir:
"Hazırda iki pilləli doktorantura sistemi ciddi problemlər formalaşdırır. Bu, müəyyən qədər vaxtın uzanmasına gətirib çıxarır. İstər-istəməz əvvəl fəlsəfə doktoru, sonra isə elmlər doktoru istiqamətində gənclərimiz 10 ilə yaxın vaxt itirirlər. Elə adam var ki, iki pilləli doktorantura mərhələsini 15 ilə ancaq yekunlaşdıra bilir, çünki arada müəyyən boşluqlar vermək məcburiyyətində qalır: fərdi işləri, ailəvi məsələlər və s. Avropanın, Amerikanın, Kanadanın, Avstraliyanın istifadə etdiyi birpilləli doktorantura sisteminə biz mütləq keçid etməliyik. Təkpilləli doktorantura sistemi bizə nəyi verəcək? Gənc kadrlarımızın tez bir zamanda alim olmasına gətirib çıxaracaq. Artıq gənc kadr tez bir zamanda alim olduğu təqdirdə elmi araşdırma apara biləcək, lazımi layihələrin yazılmasında müəyyən qədər səy göstərə biləcək, çünki vaxtı olacaq. Amma hazırda gənclərimiz həqiqətən də vaxt tapa bilmirlər. Əgər hansısa universitetdə müəllim kimi fəaliyyət göstərirsə, bu adam ya dərsə girir, dərsini keçir, dərsdən çıxır və gedib öz fərdi dərsləri ilə məşğul olur. Artıq bu adamın beynəlxalq məqalə yazmağa, elmi araşdırma və laboratoriya tədqiqat işləri aparmağa vaxtı olmur. Amma təkpilləli sistemdə belə deyil: 3 və yaxud maksimum 5 ilə doktorantura mərhələsini bitirirsən və elmi fəaliyyət istiqamətində addımlayırsan. Bu, gənclərimizə vaxt baxımından da çox faydalı olar".

Müsahibimiz vurğuladı ki, iki pilləli doktorantura səviyyəsində müəyyən bir yaşa çatdıqları təqdirdə artıq yorulurlar və qocalırlar:
"Bu mənzərə də onun göstəricisidir ki, mütləq bizdə gənc alimlərin önünü açmalıyıq, gənc alimlərə imkan verməliyik, gənc alimlərə dəstək verməliyik, gənc alimlərin inkişafı istiqamətində lazımi tədbirlər mütləq görülməlidir. Yəni hazırda ali təhsil müəssisələrinin əksəriyyətinə baxdıqda, orada çalışanların sovet təfəkküründə qalan, sovet ideologiyası düşüncəsi ilə formalaşan professor-alimlər olduğunu görürük və onların əksəriyyəti yaşlı nəslin nümayəndələridir.
Əlbəttə ki, yaşlı nəslin nümayəndələrinə böyük hörmətimiz var. Biz onlara hörmətlə yanaşırıq. Amma biz elmin inkişafını istəyiriksə, gənc alimlərin də önünü açmalıyıq və gənc alimlərə müəyyən dəstək verməliyik. Artıq yaşlı nəsil yorulub, qocalıb. Ali təhsil müəssisələrində alimlik istiqamətində, elmi dərəcə üzrə mütləq birpilləli doktorantura sisteminə keçid etməliyik. Bu, gənc alimlərin sayının artırılmasına xüsusi xidmət göstərəcək. Hazırda əgər Avropa, Amerika, Kanada, Avstraliya bu sistemdən istifadə edirsə, biz niyə etməyək? Avropada çox gözəl bir sistem var. Yəni insan müəyyən bir yaşa çatdıqdan sonra artıq gənclərin önünü açmaq istiqamətində addımlar atır. Özləri gənclərin inkişafına, irəliyə getməsinə dəstək göstərir. Bizdə isə yaşlı nəslin nümayəndələrinin – hamısına aid deyil - bir çoxunda müşahidə etmişəm ki, gənclərə problem yaratmağa çalışırlar. Sanki gənclərin önünü kəsməyə və özləri qabağa getməyə çalışırlar. Baxırsan, adamın 70 yaşı var, kreslodan ayağa qalxmaq istəmir, o vəzifədən uzaqlaşmaq istəmir. Mən düşünürəm ki, bu yanaşma gənclərin önünü bağlayır".
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.