AZ

Ustad jurnalist Şakir Yaqubov anıldı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycan Mətbuat Şurasında ustad jurnalist, tanınmış publisist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun anadan olmasının 75 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Şakir Yaqubov yaradıcılığının örnək mahiyyət daşıyan tərəflərindən söz açıb, mərhumun ömür yolunun jurnalist peşəsinə misilsiz sədaqətin nümunəsi olduğunu vurğulayıb. 

525.az xəbər verir ki, R.Məcid bildirib ki, 1951-ci ilin bu günündə Astara rayonunda anadan olmuş Ş.Yaqubov 1974-cü ildən 2000-ci illərədək “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news” və “Panorama” qəzetlərində çalışıb, həmin nəşrlərdə müxtəlif rəhbər vəzifələr tutub. Sonrakı 10 ildə isə jurnalist Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru kimi çalışıb. Dövri mətbuatda çap olunmuş onlarla dəyərli əsərin tərcüməçisi, publisistik kitabların, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olan Ş.Yaqubovun yazıları ayrı-ayrı sənət və yaradıcılıq toplularında yayılıb, bütün bunlar ona populyarlıq qazandırıb. 

R.Məcid onu da bildirib ki, Ş.Yaqubovun 75 illiyinə həsr olunmuş anım toplantısı ustad jurnalistin qələminin sehrini duyan dostlarının mərhuma münasibətdəki yüksək qədirbilənliyinin nümunəsi və vəfa borcudur. Belə nümunələrin  yaşadılması isə MŞ-nin Ahıl Jurnalistlər Məclisinin başlıca fəaliyyət qayəsini təşkil edir. 

Toplantıda çıxış edənlərdən tanınmış telejurnalist, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, veteran jurnalist, əməkdar mədəniyyət işçisi Qüdrət Piriyev, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar jurnalist Əminə Yusifqızı, əməkdar jurnalist, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, əməkdar jurnalist Əntiqə Qonaq, əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, tanınmış jurnalist Hikmət Sabiroğlu, veteran jurnalist Hacı Mehman Fərzullayev, əməkdar jurnalist Mahir Cavadlı, Ş.Yaqubovun tələbə yoldaşı və dostu Hüseyn Qaraşov, iş yoldaşları Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Seymur Elsevər və başqaları Ş.Yaqubovu klassik jurnalistika ənənələrinin davamçısı kimi xarakterizə edən cəhətlərə diqqət çəkiblər. Natiqlər ustadın əsl söz fədaisi, sözü məsuliyyətlə deməyin mücəssiməsi olduğunu vurğulayıb, onun qələmə aldığı məqalələrin mövzu rəngarəngliyindən, janr müxtəlifliyindən söz açıb və bildiriblər ki, Ş.Yaqubov sözə dəyər verən hər kəsin səmimi və qayğıkeş dostu, həmdəmi və himayəçisi idi. Bu keyfiyyətləri, eləcə də ensiklopedik biliyi, novatorluğu və təşəbbüskarlığı onu həmkarlarına, ümumən yaradıcılıq cameəsinə sevdirib. 

Qeyd edək ki, anım tədbirində, həmçinin, Ş.Yaqubovla bağlı xatirələr bölüşülüb, ustad jurnalistin publisistik düşüncələrində ifadəsini tapan motivlərə nəzər salınıb, onun fədakar qələm sahibi obrazını vurğulayan məqamlar ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, peşəkar fəaliyyətinin jurnalistikanın institsionallaşmasına xidmətin bariz nümunəsi olduğu vurğulanıb. 

Sonda çıxış edən Ş.Yaqubovun övladı Aysel Yaqubova atası barədə qədirbilənliklə söylənilən xoş sözlərə və dəyərli fikirlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
525.az

1Mənbələr