AZ

“Texnologiya ilə düzgün münasibət öyrətmək daha vacibdir” Təhsil eksperti

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əmrah Həsənli: “Azərbaycan məktəblərində tam qadağa yox, tənzimlənmiş telefon modeli realdır”

Mobil telefonların qadağan olunduğu Norveç məktəblərində müsbət nəticələr əldə edilib. Norveç Elm və Texnologiyalar Universitetinin yeni hesabatına görə, bu tədbir sayəsində məktəb mühiti daha sakit və fokuslu olub, şagirdlər isə tənəffüslərdə telefonla məşğul olmaq əvəzinə bir-biri ilə ünsiyyət qururlar. Tədqiqatçılar və təhsil səlahiyyətliləri bildirirlər ki, mobil cihazlardan imtina təqib və rəqəmsal zorakılığı tam həll etməsə də, təhlükəsiz və inklüziv məktəb mühitinin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

2024-cü ildə qəbul olunmuş milli tövsiyələrə əsasən, ibtidai və orta məktəblərdə mobil telefon istifadəsi qadağan edilib və “mobilsiz” tənəffüslər tətbiq olunub. Təhsil naziri Kari Nessa Nordtun bu qərarı şagirdlərin təhlükəsizliyi və psixoloji rahatlığı baxımından mühüm addım kimi qiymətləndirib. Eyni zamanda hakimiyyət orqanları valideynlərin aktiv iştirakını vurğulayaraq bildirirlər ki, təqib və rəqəmsal münaqişələrin qarşısının alınması yalnız məktəb və ailənin sıx əməkdaşlığı ilə mümkündür. Belə ki, valideynlər bir araya gələrək ortaq qaydalar müəyyən etməli, məlumat mübadiləsi aparmalı və inklüziv, müsbət məktəb icmasının yaradılmasına dəstək verməlidirlər.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bu modelin Azərbaycan məktəblərində tətbiqinin mümkün olduğunu deyib. Lakin ekspert hesab edir ki, biz bir məsələni unutmamalıylq: “Norveç cəmiyyətində ailə-məktəb münasibətləri, intizam anlayışı və rəqəmsal mədəniyyət uzun illərdir sistemli şəkildə formalaşdırılıb. Bizdə isə bir çox hallarda valideyn özü övladının telefondan istifadəsinə nəzarət etmir, amma bütün məsuliyyəti məktəbin üzərinə qoyur. Halbuki məktəb təkbaşına rəqəmsal asılılıqla mübarizə apara bilməz. Ailə ilə paralel mövqe olmayanda qadağa formal xarakter daşıyır. Digər tərəfdən, mən qəti düşünmürəm ki, təkcə qadağa problemi həll edir. Qadağa ən yaxşı halda simptomu azaldır, səbəbi yox. Şagird telefondan uzaqlaşdırıla bilər, amma əgər o, rəqəmsal mədəniyyət, informasiya təhlükəsizliyi, sosial şəbəkə davranış etikası barədə maarifləndirilməyibsə, məktəbdən kənarda eyni risklərlə üz-üzə qalacaq. Ona görə də paralel olaraq psixoloji dəstək proqramları, rəqəmsal savadlılıq dərsləri, müəllim və valideynlər üçün maarifləndirici seminarlar vacibdir”.

Ə. Həsənlinin fikrincə, tam qadağa yox, tənzimlənmiş model daha realdır: “Məsələn, dərs zamanı telefonun istifadəsi qəti məhdudlaşdırıla bilər, amma müəyyən tədris məqsədləri üçün nəzarətli istifadə mexanizmi qurula bilər. Çünki biz uşaqları texnologiyadan uzaqlaşdıra bilmərik, onları texnologiya ilə düzgün münasibət qurmağa öyrətməliyik. Əgər məqsədimiz sakit məktəb mühiti, sağlam psixoloji iqlim və real ünsiyyəti gücləndirməkdirsə, bu yalnız inzibati qərarla deyil, mədəni transformasiya ilə mümkündür. Telefonu qadağan etmək asandır, amma rəqəmsal məsuliyyət formalaşdırmaq daha çətin və daha vacibdir. Məncə Azərbaycan üçün əsas məsələ də məhz budur: qadağa tətbiq etsək belə, onu mütləq sistemli maarifləndirmə və ailə-məktəb əməkdaşlığı ilə müşayiət etməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
sherg.az

1Mənbələr