AZ

Rusiyada diaspor rəhbərlərimizə qarşı repressiya davam edir - Kreml dayanmır...



Təbriz Musayev: “Rusiyanın diaspor təşkilatlarını hədəf almasının kökündə siyasi amillər dayanır”

İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Qərar Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən verilib.

Ümumiyyətlə, Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan əvvəl Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib. Belə görünür ki, bu, son olmayacaq.

Maraqlıdır, məhz diaspor təşkilatlarının rəhbərlərinin davamlı olaraq hədəf alınmasında Rusiyanın məqsədi nədir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq təşkilatının sədri Təbriz Musayevin fikrincə, Rusiyanın diaspor təşkilatlarını hədəf almasının kökündə siyasi amillər dayanır: “Məsələ ondadır ki, Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda artan nüfuzu, bir sıra nəqliyyat, enerji layihələrinə yon verməsi Moskvanı narahat edir. Əvvəl Azərbaycanı Rusiya ilə hesablaşmağa məcbur edən faktor işğal amili idi. Ermənistan ərazilərimizi işğal etsə də bunun arxasında Rusiya dayanırdı. Rusiya olmasaydı Ermənistan nə ərazilərimizi işğal edə bilərdi, nə də bu işğalı davam etdirə bilərdi. Artıq məlum olduğu kimi, bu problem aradan qalxıb. Rusiyanın Qarabağ kartından istifadə edərək Azərbaycan və Ermənistanı təzyiq altında saxlamaq imkanı yoxdur. İqtisadi baxımdan da Azərbaycan Rusiyadan asılı deyil. Azərbaycan enerji resurslarını Avropaya ixrac edir. Belə olan halda Rusiyanın Azərbaycana yeganə təsir rıçaqı miqratların və diasporanın sıxışdırılmasıdır. 2024-cü ilin dekabrında mülki təyyarəmizin vurulması və ondan sonra diaspor təşkilatlarının rəhbərlərinin həbsi, ölkə vətəndaşlığından çıxarılması bunun tərkib hissəsidir. Bununla Rusiya istəyir ki, Azərbaycan Moskvanın direktivləri ilə hərəkət etsin. Çünki Azərbaycanın müstəqil siyasət yeritməsi digər postsovet ölkələrini də cəsarətləndirir”.

Vidadi ORDAHALLI

Seçilən
9
baki-xeber.com

1Mənbələr