“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırandan sonra həmkarımız başda olmaqla hər kəs elə ümidsizliyə qapılıb ki, sanki “Nyukasl”a məğlubiyyət dünyanın sonudu. Yazırlar ki, görəsən, bir də nə vaxt belə uğur görəcəyik? Bizim ömrümüz yetməsə də, nəvələrimiz görsün və s. və i.a. Romantika, həsrət, bədbinlik yağan cümlələrin nə əvvəli var, nə də də axırı…
Şəxsən mən belə düşünmürəm. Gələn mövsüm olmasın, o biri mövsüm olsun. Uzağı 4-5 ilə. Niyə də yox?!
“Neftçi” 2012-nin avqustunda Avropa Liqasında qrupa düşəndə düşünürdük ki, bu uğur bir də nə vaxt təkrarlanar? 2014-ün avqustunda “Qarabağ” həmin turnirin qrupuna düşməyi bacardı. Hətta iki dəfə - 2014/15, 2015/16 mövsümlərində “Qarabağ”la paralel “Qəbələ” də Avroliqanın qrupunda idi. Onda başladıq düşünməyə ki, görəsən, Çempionlar Liqasında bunu kim edəcək? 2017-nin avqustunda “Qarabağ” bu turnirin də qrup mərhələsinə vəsiqə qazandı. Və ağdamlılar o vaxtdan bəri qitə kuboklarının qrupundan kənarda qalmır. Artıq qrup mərhələsi bizim üçün çox ucuzlaşıb. Başqa klublarımız düşə bilməyəndə qınayırıq. Həmçinin “Qarabağ” Çl-ə düşə bilməyəndə də tənqid edirik.
Əlbəttə, ÇL-in cari mövsümündə “Qarabağ” daha şanlı tarix yazdı, pley-offa yüksəldi, yəni Avropanın 24 ən güclü komandası arasına düşdü. Məhz bu uğura görə Azərbaycana pul sel kimi axdı. “Qarabağ” özünə 65,8 milyon, başqa klublar üçün 17,6 milyon (hər birinə 1,6 milyon) manat qazandı.
Həqiqətən də çox böyük uğurdu. Amma “bir də heç vaxt olmayacaq”, “belə uğuru nəvə-nəticələrimiz görəcək” kimi düşüncələr də yanlışdı, absurddu, gülməlidi!
Artıq çempionatımız daha rəqabətli, kllublar əvvəlkindən daha güclüdü. Məsələn, niyə də bu uğuru iki-üç mövsüm sonra “Sabah” təkrarlamasın? Sistem var, pul var, heyətin keyfiyyəti də yetərincə yüksəkdi. “Neftçi” dirçəlir. Yuri Vernidub gələndən sonra məğlubiyyət görməyib. O Vernidub ki, “Şerif”i çalışdırarkən ÇL-in qrup mərhələsində Madriddə “Real”ı məğlub edib.
Ümid sonda ölür. “Qarabağ”ın ÇL-dəki çıxışı isə son deyil. Hətta deyərdim ki, başlanğıcdı. Odu ki, inanmaq, güvənmək lazımdı. İstər “Qarabağ”a, istərsə də başqa klublarımıza! İnanmırıqsa, niyə oynayırıq?!
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta