Keçmiş prezidentin ofisi yanvar iğtişaşları zamanı Xameneiyə qarşı addım atılması barədə məlumatları “psixoloji əməliyyat” adlandırıb...
Poliqon xəbər verir ki, İranın sabiq prezidenti Həsən Ruhaninin administrasiyası Fransanın Le Figaro nəşrində yayılan məlumatları qəti şəkildə təkzib edib. Həmin materialda iddia olunurdu ki, yanvar ayında baş verən iğtişaşlar zamanı Ruhani ölkənin ali rəhbəri Əli Xameneini hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərib.
Sabiq prezidentin ofisinin yaydığı açıqlamada bu ittihamlar “tamamilə yalan, uydurma və qərəzli” kimi qiymətləndirilib. Bildirilib ki, sözügedən məlumatlar reallığı əks etdirmir və məqsəd İranın daxili siyasi sabitliyinə xələl gətirməkdir.

Açıqlamada həmçinin vurğulanıb ki, yayılan iddialar ABŞ və İsrail mənbələri tərəfindən həyata keçirilən informasiya və psixoloji təsir kampaniyasının bir hissəsidir. Ruhani administrasiyası bu cür materialların İran cəmiyyətində parçalanma yaratmağa və siyasi institutlara olan etimadı zəiflətməyə yönəldiyini qeyd edib.
Qurum əlavə edib ki, sabiq prezident və onun komandası ölkənin konstitusiya quruluşuna və ali rəhbərlik institutuna sadiq olub və bu istiqamətdə hər hansı əks fəaliyyət barədə iddialar əsassızdır. Administrasiya beynəlxalq media orqanlarını məlumatları dərc etməzdən əvvəl rəsmi mənbələrdən dəqiqləşdirmə aparmağa çağırıb.
Poliqon.info