Son dövrlər ölkədə bir sıra rayon icra hakimiyyətlərində struktur dəyişiklikləri və ştat ixtisarları diqqət çəkir.
NOCOMMENT.az xəbər verir ki, dövlət idarəetməsində optimallaşdırma və aparatların yığcamlaşdırılması prosesi artıq regionlarda da özünü göstərməyə başlayıb. Tovuz rayon İcra Hakimiyyətində (RİH) həyata keçirilən son qərar isə bu prosesin növbəti mərhələsi kimi qiymətləndirilir. İcra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verildiyi bildirilib.
Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb (Oxu.az). Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.
Qeyd edək ki, bundan əvvəl Ağsu rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilmişdi.
Bəs icra hakimiyyətlərində aparılan bu dəyişikliklərin əsas səbəbi nədir? Söhbət yalnız struktur yenilənməsindən gedir, yoxsa büdcə imkanlarının məhdudlaşması da rol oynayır? Qarşıdakı dövrdə digər rayonlarda da oxşar ixtisarlar gözlənilirmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, Tovuz İH-də aparılan ixtisarlar əsasən struktur dəyişikliyi ilə bağlıdır.Onun sözlərinə görə, icra hakimiyyəti müəyyən bölmələrin və ya vəzifələrin ləğv edilməsi qərarına gəlib, buna görə 43 əməkdaş dövlət qulluğundan azad olunub: “Struktur dəyişiklikləri zamanı bəzi ştatlar artıq ehtiyac sayılmır və həmin vəzifələr ixtisar olunur, bu, idarəetmədə qəbul olunmuş prosedurlardan biridir”.
.jpg)
İqtisadçı bildirib ki, belə ixtisarlar dövlət idarələrində normativ olaraq mümkündür: “Çünki struktur dəyişiklikləri və ştatların optimallaşdırılması hüquqi əsaslarla həyata keçirilir. Əsas məsələ odur ki, proses qanun çərçivəsində aparılsın, əməkdaşlara işdən azad olunma barədə düzgün bildiriş verilsin və bəzən alternativ iş yerləri təklif edilsin”.
Akif Nəsirli qeyd edib ki, artıq büdcə gəlirlərinin ildən-ilə azalması əvvəlki qədər möhtəşəm icra aparatları saxlamağa imkan vermir: “Qarşıdakı illərdə dövlət orqanlarında bu cür kütləvi ixtisarlara daha çox şahidlik etməli olacağıq”. /Musavat.com/