AZ

Boşanma üçün 50 min dollar cərimə? - “Mən də görürəm ki, bu, insanlarda ikrah hissi yaradır”

“Əslində, səsləndirdiyim fikir tam olaraq elə deyildi. Demişdim ki, Azərbaycandakı mövcud hüquqi qanunvericilik boşanma hallarının qarşısını almır. Gərək qanunvericilik çətinləşdirilsin və boşanmalar bu qədər əlçatan olmasın. Dövlətin prosesi çətinləşdirmək üçün nələr edəcəyini, yəni cərimə-filan tətbiq olunacağını, qanunda nə dəyişikliklər ediləcəyini bilmirəm”.

Ölkə.az xəbər verir ki, bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub deyib.

Yeri gəlmişkən, onun boşanan cütlüklərin 50 min dollar cərimə olunması barədə təklifi səsləndirib-səsləndirməməsi mübahisəlidir. Daha doğrusu, bu, Mail Yaqubun rəyi deyil, boşananların cərimələnməsinə dair ilk və yeganə təklif xanəndə Eldəniz Məmmədovdan gəlmişdi. Məhz o, konkret cərimə məbləği səsləndirmişdi - 50 min dollar.

E. Məmmədov həm cərimə məbləqi, həm də istinad üçün nümunə gətirdiyi dəlillə müzakirə hədəfi olmuşdu. Onun boşanmaya dair Türkiyə qanunvericiliyinə istinadı yanlış idi.

Mail Yaqubun boşanmaya dair rəyinə gəlincə, o bu halın əsasən maddiyatla bağlı olması fikri ilə razılaşmır:  

"Bu fikir nəyə və hansı statistikaya əsaslanır? Azərbaycanda boşanmaların səbəbi ilə bağlı hələ ciddi statistikaya rast gəlməmişəm. Yəni əsas səbəb nədirsə, bilmirik. Şəxsən tanıdığım neçə ailə var ki, boşanıblar, amma səbəb maddiyatla bağlı deyil. Ya xanım aqressiv, acıdildir, ya da kişi. Görünür ki, onların psixoloji olaraq problemləri var, ona görə də boşanırlar.

Düşünürəm ki, boşanmanların böyük əksəriyyətində ciddi səbəb yoxdur. Müşahidələrimə əsaslanaraq bunları deyirəm. Hər iki tərəf özünü ələ almır və boşanmalar da hüquqi baxımdan əlçatan olduğu üçün bu yolu seçirlər. Vəssalam”.

Sosioloq təklif edib ki, boşanma qaydaları çətinləşdirilsin:

“Mən də görürəm ki, cərimələrin artması insanlarda ikrah hissi yaradır. Bütün sahələrdə tətbiq edilən cərimələr narazılıqla qarşılanır. Təklifim də sırf boşanmaların rahat olması ilə bağlı olub. Çünki bu gün boşanma prosesi çox adiləşib, ona görə say da günü-gündən artır. Bütün bunların qarşısını almaq üçün hüquqi baxımdan dəyişikliklər etmək lazımdır. Düzdür, mən hüquqşunas deyiləm. Sadəcə təklif irəli sürə bilərəm. Hər şeyi bu qədər əlçatan etmək doğru deyil. Belə olan halda gənclər ailəni qorumaq üçün səy göstərmirlər. Normal olaraq da boşanmaların sayı artmaqda davam edir”. 

Xatırladaq ki, Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, cari ilin yanvar ayında 2914 nikah qeydə alındığı halda, eyni dövrdə 1779 nikah pozulub.

Seçilən
3
2
olke.az

3Mənbələr