AZ

2025-ci ildə silahlı münaqişələr zamanı 129 jurnalist həlak olub » AzadMedia.az

2025-ci


2025-ci ildə silahlı münaqişələr zamanı 129 jurnalist həlak olub
Committee to Protect Journalists (CPJ) tərəfindən hazırlanan və Le Monde qəzetinin araşdırdığı hesabatda bildirilir ki, 2025-ci ildə silahlı münaqişələr zamanı 129 jurnalist və media əməkdaşı həyatını itirib.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici 124 nəfər olub.

Hesabata əsasən, 2025-ci ildə jurnalistlərin ölümü hallarının üçdə ikisinə görə məsuliyyət İsrailin üzərinə qoyulur. CPJ-nin məlumatına görə, Qəzza sektorunda 86 media nümayəndəsi həlak olub və onların 60 faizdən çoxunu döyüş əməliyyatlarını işıqlandıran fələstinli jurnalistlər təşkil edib.

Qəzzadan başqa, mətbuat üçün ən təhlükəli bölgələr sırasında Sudan (9 jurnalist həlak olub) və Ukrayna (4 jurnalist həlak olub) yer alıb.

Sənəddə həmçinin media nümayəndələrinə qarşı hücumlarda pilotsuz uçuş aparatlarından istifadənin kəskin artdığı vurğulanır. Belə ki, 2025-ci ildə jurnalistlərə qarşı 39 PUA hücumu qeydə alınıb. Halbuki 2023-cü ildə bu göstərici cəmi iki hal idi.

Bundan əlavə, təşkil olunmuş cinayətkarlıq da jurnalistlər üçün ciddi təhlükə olaraq qalır. 2025-ci ildə Meksikada altı jurnalist qətlə yetirilib. Oxşar hallar Hindistan və Peruda da qeydə alınıb.

CPJ hesabatda vurğulayıb ki, sənədləşdirilmiş məqsədli qətllərin əksəriyyəti üzrə şəffaf araşdırmalar aparılmayıb və təqsirkarlar məsuliyyətə cəlb edilməyib. Təşkilat beynəlxalq ictimaiyyəti jurnalistlərin müdafiəsini gücləndirməyə və media nümayəndələrinə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoymağa çağırıb.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr