Stokholm, 26 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Bu ilə təhdid qiymətləndirməsində Norveç polisi xəbərdarlıq edib ki, cinayətkar şəbəkələr cəmiyyət üçün ciddi və davamlı təhlükə olaraq qalır.
AZƏRTAC xəbər verir ki, yetkinlik yaşına çatmayanların ağır cinayətlərdə iştirakı hallarnın artması xüsusilə narahatlıq doğurur. Yeniyetmələr sosial mediada pul, status və silah vədləri ilə cəlb edilir. Ötən ilin payızında vəziyyət həyəcanverici nöqtəyə çatdı, ictimai yerlərdə əl qumbaraları və odlu silahlardan istifadə halları qeydə alındı. Norveçdəki bəzi cinayətlər İsveç cinayətkar qruplaşmaları ilə əlaqəlidir.
Mütəşəkkil şəbəkələr çevikliyi və beynəlxalq əlaqələri ilə fərqlənir. Onlar narkotik ticarəti və çirkli pulların yuyulması üçün şifrələnmiş mesajlaşma tətbiqlərindən, kriptovalyutalardan və rəqəmsal texnologiyalardan istifadə edirlər. Hətta əsas iştirakçıların həbsi belə heç də həmişə onların fəaliyyətinə mane olmur.
Polis dövlət ödənişlərindən və ətraf mühit subsidiyalarından genişmiqyaslı sui-istifadə hallarını qeydə alır. Saxtakarlıqdan illik itkilər milyonlarla dollara çata bilər ki, bu da Norveç sosial dövləti modelinə etimadı sarsıdır.
Kibercinayətkarlığın artması ayrıca təhlükə olaraq qalır. 2023-cü ildən bəri informasiya sistemlərinə haker hücumlarının sayı üç dəfə artıb. Keçən il 349 belə hal qeydə alınıb. Hüquq-mühafizə orqanları dəmir yolu şəbəkələri, elektrik xətləri və digər həyati əhəmiyyətli sistemlər də daxil olmaqla, vacib infrastruktura hücumlardan qorxurlar. Bununla belə, şirkətlər nadir hallarda kiberhücumlar barədə hüquq-mühafizə orqanlarına məlumat verdikləri üçün çox işin üstü açılmır.