AZ

Məni Xocalı çağırdı

1992-ci ilin 26 fevral gecəsi yalnız bir şəhərin deyil, minlərlə ailənin taleyini dəyişdi. Ana baladan ayrıldı, qardaş bacısını itirdi, uşaqlar valideynsiz qaldı. Qadın, körpə, yaşlı demədən insanlara qarşı törədilən qəddarlıqlar yaddaşlara qanla yazıldı. Bu faciə haqqında eşidərək böyüyən nəsillər üçün Xocalı yalnız bir tarix deyil. Bu, ailə xatirələrinin, göz yaşlarının və yarımçıq qalan ömürlərin nişanəsidir. Bu ağrını ürəyində daşıyanlardan biri də bu gün Xocalı rayonunun Ballıca kəndində yaşayan, özünə qismət olmasa da, övladlarını doğma torpaqda böyüdən Nərmin Əzimovadır.

Qanlı gecənin izləri

Nərminin ailəsi Xocalı soyqırımının ən ağır zərbəsini alanlardan sayılır. Həmin qanlı gecədə bu böyük ailə 28 şəhid verib. Xocalı müsibətləri dünyaya yayılarkən 25 uşağın ata-anasız qalmağından danışılırdı. Onların bəzisi hələ dil açmamışdı, lap körpə idilər. Bəzilərinin yaddaşına isə yaşanan dəhşətlər silinməz izlər kimi həkk olundu. Bu uşaqlar arasında Nərminin atası, əmisi, bibisi də vardı.

Nərminin atası Tofiq Əzimov Xocalının Ballıca kəndində yeddi uşaqlı bir ailədə böyümüşdü. Maddi imkanları məhdud olsa da, ailə sevgisi və birlik onların uşaqlığını xoşbəxt edirdi. Məktəb həyatı, şən oyunları, qonşu uşaqları ilə keçən qayğısız günlər onların dünyasını təşkil edirdi. Ta ki, bir gün tarixə düşəcək dəhşətli soyqırımına qədər...

1980-ci illərin sonlarından etibarən erməni qonşuları bu ailəyə evlərini satmaları üçün təzyiq göstərməyə başladılar. Onların məqsədi ikimərtəbəli, geniş həyətli evi ələ keçirərək obyektə çevirmək idi. Açıq şəkildə bildirirdilər ki, "tezliklə bu torpaqlar bizim olacaq". Təzyiqlər o həddə çatmışdı ki, uşaqları belə təxribatlara cəlb edirdilər. Küçələrdə "Qarabağ Ermənistanındır, buradan gedin" kimi şüarlar səsləndirilirdi.

1988-ci ildən sonra hücumlar intensivləşdi. Kənd sakinləri gecələri meşələrdə, qəbiristanlıq yaxınlığında keçirirdilər. Yaşamaq təhlükəli hala gəldiyi üçün Nərminin babası ailəsini müvəqqəti olaraq Xocalı şəhərinə köçürdü. Onların evdən çıxması ilə erməni qonşular evi yandıraraq yerlə yeksan etdilər.

Şəhərdə vəziyyət kənddən fərqli deyildi. Güllə səsləri gündəlik həyatın bir hissəsinə çevrilmişdi. Şəhər mühasirəyə alınmış, yollar bağlanmış, yalnız vertolyotlarla ərzaq gətirilirdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə hər şey dəyişdi. Xocalıya hücum xəbəri yayıldı. Ailə tələsik evdən çıxaraq meşəyə qaçan insanlara qoşuldu. Qarlı, şaxtalı gecədə güllələr yağış kimi yağırdı. İnsanlar haraya getdiklərini bilmədən qorxu içində irəliləyirdilər.

Qaçan insanlar Qarqar çayı üzərindən keçərək meşəyə doğru yönəldilər. Bu yol onları təhlükədən uzaqlaşdırmalı idi, lakin ətraf alov və partlayış səsləri ilə dolu idi. Birdən yaxınlıqda partlayış baş verdi. İnsanlar pərən-pərən oldu. Qışqırıqlar, yaralıların səsləri, itən uşaqların fəryadı gecənin səssizliyini parçaladı.

Nərminin atasının altıyaşlı əmisi oğlunun güllə yaraları içində can verməsi ailənin yaddaşına həkk olunan ən ağır xatirələrdən biri oldu. Həmin gecə Tofiq və bacı-qardaşları valideynlərini son dəfə canlı gördülər.

Səhərə yaxın sağ qalanlar Ağdama aparıldılar. Oradan qohumlarının yaşadığı kəndlərə yerləşdirildilər. Valideynlərinin ölümü uşaqlardan bir neçə gün gizlədildi. Soruşanda yaralı olduqları deyildi. Cənazələr təhvil verilən gün böyük qardaş göz yaşları içində həqiqəti açıqladı.

Sonradan öyrənildi ki, Nərminin nənəsi güllə yarasından həlak olub, babası isə yaralı halda meyitlərin arasında qalıb. Ermənilərin meyitlərə qarşı qəddarlığını gördükdə silah götürərək müqavimət göstərib, lakin sonradan özü də işgəncələrə məruz qalanlardan biri olub.

Valideynlərini dəfn etdikdən sonra ailə müxtəlif bölgələrdə məskunlaşdı. Uzun müddət qorxu və travma içində yaşadılar. Böyük qardaş Hüseyn bacı-qardaşlarını böyüdərək valideynlərini əvəz etməyə çalışdı.

Doğma torpaqda yenidən başlayan həyat

Torpaqlarımız işğaldan azad edildikdən sonra Əzimovlar ailəsi illərlə yuxularında gördükləri yerlərə qayıtmaq imkanı qazandı. Ailə valideynlərinin məzarını ziyarət etmək üçün geri döndü. Lakin məzar daşlarının dağıdıldığını gördükdə acıları bir daha təzələndi. Uzun axtarışdan sonra məzarları taparaq ziyarət edə bildilər.

Nərmin deyir ki, haqqında uşaqlıqdan yalnız ailə üzvlərinin xatirələrindən eşitdiyi Xocalını ilk dəfə görəndə göz yaşlarını saxlaya bilməyib. İndi həmsöhbətim ömrünün 28-ci baharında valideynləri, qardaşları, həyat yoldaşı və övladları ilə Ballıca kəndində yaşayır. İllərlə yataqxanalarda, çətin şəraitdə yaşayan ailə üzvləri indi doğma torpağa dönməyin sevinci içərisindədirlər. Ancaq şad günlərdə belə onların sevincinə kədər qarışır. İtirdikləri doğmalarının yoxluğu ürəklərini sızladır. 

Bu gün Nərmin üç uşaq anasıdır. Sonbeşiyi Xocalıda dünyaya gəlib. Qızı məktəbə gedir, oğlu bağçaya. Körpəsinə isə şəhid adı veriblər - Ucardan olan şəhid Kərim Əliyevin adını. Əmisi oğlunun yaxın dostu olan Kərimin adını seçməyi təsadüfi  olmayıb. Şəhidin qəhrəmanlıqları, Vətən sevgisi Nərmini və həyat yoldaşı Azadı bu seçimi etməyə sövq edib. Onlar qəhrəman şəhidimizin valideynlərinin icazəsi ilə körpələrinə Kərim adı qoyublar. 

Nərminin ən böyük arzusu övladlarının Xocalıda böyüməsi, Qarabağda təhsil alması, doğma torpaqda kök salmalarıdır. O, yurda dönüş sevincini bu kövrək sözlərlə dilə gətirir: "Xocalını heç vaxt görməmişdim. Doğma torpağımı yuxularımdan, babamın və atamın xatirələrindən tanıyırdım. İlk dəfə görəndə sanki torpaq məni çağırdı. Burada mənəvi rahatlıq tapmışam. Sanki ruhum illərlə bu rahatlığı axtarırmış".

Bu gün Ballıca kəndinə həyat yenidən qayıdıb. Keçmişin ağrıları yaddaşlardan silinməsə də, doğma torpaqda atılan hər addım gələcəyə ümid toxumları səpir. Xocalının acısı xatirələrdə qalacaq. Lakin bu torpaqlarda yenidən qurulan həyat göstərir ki, xalqımızın iradəsi sarsılmazdır və yurd sevgisi ən dərin yaralara belə, məlhəm qoymağa qadirdir.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr