AZ

Diş minasını zədələyən gözlənilməz qidalar müəyyən edilib

Bəzi qidalanma vərdişləri diş minasına səssiz şəkildə zərər vuraraq təbəssümü tutqun və dişləri həssas edə bilər.

Editor.az xəbər verir ki, diş həkimi Kristina Savostyan bu vərdişlərlə bağlı açıqlama verib.

Qırmızı şərab, qəhvə, çay, soya sousu, ketçup və pomidor sousu kimi klassik “boyayıcı” məhsulların diş minasına zərər verdiyi uzun müddətdir məlumdur. Lakin əsas təhlükə parlaq rəngli qidaları sevənlərin ev şəraitində diş ağartma dəstlərindən nəzarətsiz istifadə etməsi və ya xüsusi diş məcunlarını düzgün tətbiq etməməsi ilə başlayır.

Həkimin sözlərinə görə, bu vasitələrin nəzarətsiz istifadəsi, eləcə də həddindən artıq isti və ya soyuq qidalar diş həssaslığını artırır. Problem təkcə isti və ya soyuq qida qəbulunda deyil, kəskin temperatur fərqləri zamanı yaranır. Məsələn, isti qəhvədən sonra soyuq dondurma yemək diş minasına əlavə yük yaradır.

Diş minasını daha az nəzərə çarpan şəkildə zədələyən digər amil isə sərt qidalara meyildir. Xüsusilə diş minası zəif olanlar, kron və ya breket müalicəsi alanlar, eləcə də çoxsaylı plombları olan şəxslər üçün bu risk daha yüksəkdir. Sərt konfetlər, karamel, qabıqlı çərəzlər (xüsusilə bütöv şəkildə yeyilən fıstıq), şokolad örtüklü qoz-fındıq, qabıqsız günəbaxan və balqabaq tumları, simit, həddindən artıq qızardılmış suxari və krutonlar, kraker, çips, qarğıdalı qəlyanaltıları və popkorn riskli qidalar sırasındadır. Bu məhsullar ideal seçim sayılmasa da müntəzəm stomatoloji müayinələr dişlərin qorunmasına kömək edir.

Savostyan vurğulayır ki, bu cür qidalar yalnız sağlam dişlər üçün deyil, bərpa olunmuş dişlər üçün də təhlükəlidir — konstruksiyaların aşınmasını sürətləndirir və qulluğu çətinləşdirir.

Diş minasına zərər verən üçüncü kateqoriya isə ilk baxışda o qədər də təhlükəli görünmür. Şərbətdə saxlanılmış quru meyvələr, zərərli qəlyanaltılar, sirkə və turş marinadlar dişlərə ciddi ziyan vurur. Xüsusilə təzə sıxılmış meyvə şirələri təhlükəlidir. Onlar yalnız diş minasını ləkələmir, həm də onun nazikləşməsini sürətləndirir.

Mütəxəssis bildirir ki, ağıza daxil olan istənilən qida müxtəlif dərəcədə dişlərə və ya diş ətlərinə təsir göstərə bilər. Ağız boşluğu bakteriyaların sürətlə çoxaldığı selikli qişadır. Buna görə əsas gigiyena qaydalarına əməl olunmadıqda gec-tez problemlər yaranır. Qidalarla bağlı ifrata varmağa ehtiyac yoxdur — müəyyən məhsullardan tam imtina etmək və ya sərt qidalardan qorxmaq düzgün yanaşma deyil.

“Əsas təhlükə qidaların özündə deyil, gigiyenanın laqeyd yanaşılmasında və diş həkimindən çəkinməkdədir. Dişlərinizə düzgün qulluq edin, mütəmadi təmizləmə və müayinə etdirin. Bu halda ciddi problem yaranmayacaq”, – deyə Savostyan qeyd edib.

Stomatoloji assosiasiyaların məlumatına görə, həddindən artıq həssas dişlərdən əziyyət çəkən pasiyentlərin 70 faizi bu problemlə məhz qidalanma vərdişlərinə görə üzləşir. Buna görə də ağrı yaranmasını gözləmədən profilaktik tədbirlərə başlamaq tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr