Qruplar Vaşinqtonu ölkənin hava məkanını pozmaqda və qoşunların çıxarılmasını ləngitməkdə ittiham edirlər...
Poliqon xəbər verir ki, İraqda “müqavimət oxu” adlandırılan blokda təmsil olunan şiə hərəkatları ABŞ-yə xəbərdarlıq edərək bəyan ediblər ki, Vaşinqton ölkənin hava məkanını pozmağa və qoşunlarını çıxarmağı gecikdirməyə davam edərsə, cavab tədbirləri görüləcək.
Yayılan bəyanatda bildirilir ki, ABŞ hələ də İraqın daxili işlərinə müdaxilə edir. Şiə qruplarının iddiasına görə, ABŞ hərbi aviasiya və pilotsuz uçuş aparatlarından istifadə etməklə İraqın hava sərhədlərini mütəmadi şəkildə pozur.
Hərəkat nümayəndələri hesab edirlər ki, ABŞ İraq hökuməti ilə əldə olunmuş razılaşmaya uyğun olaraq ölkədən bütün xarici qoşunların çıxarılması öhdəliyini yerinə yetirməyib. Onların fikrincə, razılaşmanın icrasının yubadılması ölkənin suverenliyinə ziddir və daxili sabitliyə mənfi təsir göstərir.
Bəyanatda vurğulanır ki, əgər Vaşinqton İraqdakı hərbi mövcudluğunu qorumaqda israr etsə, şiə qüvvələri “İraq xalqının işğala son qoymaq hüququ çərçivəsində mövqe tutacaqlarını” bildirirlər. Bu ifadə mümkün siyasi və ya hərbi addımların istisna olunmadığına işarə kimi qiymətləndirilir.
Analitiklər qeyd edirlər ki, İraqda xarici hərbi qüvvələrin mövcudluğu məsələsi uzun müddətdir ölkədaxili siyasi müzakirələrin əsas mövzularından biridir. ABŞ-nin bölgədəki fəaliyyəti isə regional təhlükəsizlik və geosiyasi balans baxımından həssas məsələ olaraq qalır.
Hazırda rəsmi Vaşinqtonun bu bəyanata münasibəti açıqlanmayıb. Müşahidəçilər hesab edirlər ki, qarşıdakı dövrdə tərəflər arasında gərginliyin artması ehtimalı istisna deyil.
Poliqon.info