Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri və Qırğızıstanın yerli KİV təmsilçiləri iştirak ediblər.
Mərasim Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.
Səfir Lətif Qəndilov çıxışında faciənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. O bildirib ki, bu cinayət silahsız mülki azərbaycanlılara qarşı əvvəlcədən planlaşdırılmış şəkildə törədilib, qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib. Səfir vurğulayıb ki, məqsəd Azərbaycan xalqının iradəsini qırmaq və qorxu yaratmaq olub. Hadisələrdə iştirak etmiş şəxslərin ədalət qarşısında cavab verməli olduqları qeyd edilib. O, həmçinin soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasının hər kəsin borcu olduğunu diqqətə çatdırıb.
Çıxış zamanı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün tam bərpa olunmasından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesinin davam etdiyi bildirilib.
Səfir Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, o cümlədən qardaş Qırğızıstan, Qazaxıstan və Özbəkistan tərəfindən inşa edilən məktəblərin həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. Mina problemi əsas maneələrdən biri kimi diqqətə çatdırılıb, işğal dövründə ərazilərin kütləvi şəkildə minalandığı və müharibədən sonrakı illərdə yüzlərlə vətəndaşın mina partlayışlarından zərər çəkdiyi bildirilib.
Tədbirdə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə də məlumat verilib. Azərbaycanın hər zaman sülh tərəfdarı olduğu qeyd olunaraq, müharibədən sonra qarşı tərəfə sülh təşəbbüslərinin təqdim edildiyi və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların davam etdiyi bildirilib.
Diaspor nümayəndələri Akif Alaferdov, Qiyas Xəlilov və Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun rəhbəri İqbal Babayev çıxış edərək Xocalı faciəsinin xalqımızın yaddaşında əbədi qalacağını vurğulayıblar. Bişkekdəki Heydər Əliyev adına gimnaziyanın direktoru Kanıkey Alımkulova göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
Sonda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olub, səfirliyin hazırladığı press-reliz onlara təqdim edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta