AZ

Kim Çen In nüvə arsenalını artırmağı planlaşdırır, ABŞ-nin qarşısına isə şərtlər qoyub

Pxenyan yaxın beş ildə hərbi-nüvə imkanlarını genişləndirməyi hədəfləyir, Vaşinqtonla münasibətlərin yaxşılaşması isə qarşıdurma siyasətindən imtinadan asılıdır...

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını növbəti beş il ərzində əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Pxenyanda keçirilən hakim partiyanın qurultayında çıxış edən Kim Çen In nüvə silahlarının sayının artırılması və onların tətbiq imkanlarının genişləndirilməsi planlarını açıqlayıb. O vurğulayıb ki, Pxenyan “nüvə dövləti statusunu möhkəmləndirmək” niyyətindədir və yaxın illərdə bu istiqamətdə layihələr əsas prioritet olacaq.

Bundan əlavə, Şimali Koreya rəhbəri daha güclü qitələrarası ballistik raketlərin hazırlanması, süni intellekt texnologiyalarından istifadə edən hücum sistemlərinin yaradılması, həmçinin pilotsuz vasitələrin hərbi məqsədlərlə inkişaf etdirilməsi planlarının həyata keçiriləcəyini bildirib.

Kim Çen In eyni zamanda ABŞ ilə dialoq imkanını istisna etməyib. Onun sözlərinə görə, əgər ABŞ Şimali Koreyaya qarşı qarşıdurma siyasətindən imtina edər və ölkənin mövcud statusuna hörmətlə yanaşarsa, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün heç bir maneə qalmayacaq.

Bununla yanaşı, Şimali Koreya lideri Cənubi Koreyanı “ən düşmən dövlət” adlandıraraq Seulla danışıqların mümkünlüyünü istisna edib.

Reuters qeyd edir ki, Kim Çen In hələlik ABŞ prezidenti Donald Tramp tərəfindən verilən mümkün dialoq siqnallarına cavab verməyib. Kim Çen In və Donald Tramp onun əvvəlki prezidentlik dövründə üç dəfə görüşmüşdülər.

Məlumata görə, Donald Tramp Şimali Koreyanın nüvə siyasətindən narazıdır. Pxenyanın nüvə potensialını artırması və raket sınaqları iki ölkə arasında gərginliyi artıran əsas amillərdən biri hesab olunur.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Kim Çen In ilə münasibətlərinin “isti” olduğunu bildirsə də, Pxenyanın nüvə proqramı səbəbindən Vaşinqtonun “müəyyən məqamda” Şimali Koreya məsələsi ilə ciddi şəkildə məşğul olacağını bəyan etmişdi.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr