AZ

Hitlerin doğulduğu ev polis bölməsi olacaq

Avstriyanın Braunau am Inn şəhərində yerləşən və 1889-cu ildə Adolf Hitlerin anadan olduğu ev polis bölməsinə çevriləcək. XVII əsrə aid binanın yenidən qurulması işləri artıq yekun mərhələyə çatıb.

AzPost xəbər verir ki, yenidənqurma layihəsinə 2023-cü ildə başlanılıb. İşlərin dəyərinin təxminən 20 milyon avro olduğu bildirilir. Polis əməkdaşlarının binaya köçünün 2026-cı ilin ikinci rübündə baş tutacağı planlaşdırılır.

Avstriyanın Daxili İşlər Nazirliyi bildirib ki, binanın polis idarəsi kimi istifadəsi onun neonasist qruplar üçün ziyarət yerinə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Qurum qeyd edib ki, obyektin bu şəkildə istifadəsi məkanın simvolik təsirini zəiflətməyə yönəlib.

Qərar birmənalı qarşılanmayıb. Avstriya Mauthauzen Komitəsini təmsil edən yazıçı Lüdviq Laxer bu addımı problemli adlandırıb. Onun fikrincə, bina sülh və tarixi yaddaşa həsr olunmuş mərkəz kimi istifadə oluna bilərdi. Yerli sakin Yasmin Ştadler də yenidənqurma üçün ayrılan vəsaiti tənqid edib və məkanın tarixi kontekstdə təqdim edilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Digər tərəfdən, Braunau sakini Volfqanq Laytner qərarı dəstəklədiyini deyib. O hesab edir ki, polis bölməsinin yerləşdirilməsi radikal qrupların bu binanı simvolik məkana çevirməsinin qarşısını ala bilər.

Binanın qarşısında yerləşən və üzərində “Sülh, azadlıq və demokratiya naminə. Bir daha faşizmə yox. Milyonlarla qurban xəbərdarlıq edir” sözləri yazılmış xatirə daşının taleyi barədə məlumat verilməyib.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr