İngiltərə mediası qapıçı Mateuş Koxalskini “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı oyunlarda ulduz oyunçusu hesab edib.
Bakıda İngiltərənin xeyrinə 6-1 hesabı ilə başa çatan ilk oyunda Koxalski səkkiz, Nyukaslda isə “Qarabağ” üçün beş seyv edib. Oyunlardan sonra isə “The Sun” qəzeti Koxalski haqda yazıb.
Britaniya nəşri yazır ki, əvvəllər “Legiya” və “Stal”da oynamış və 2024-cü ildə “Qarabağ”a keçən Koxalski qəhrəmanlığının “Nyukasl”ın menecerinin və digər Premyer Liqa məşqçilərinin diqqətini çəkəcəyinə ümid edir.
“Bu, mənim ən böyük arzumdur”, – deyə Koxalski “The Sun” qəzetinə İngiltərəyə mümkün keçidi ilə bağlı şərhində bildirib.
“Ümid edirəm ki, təkcə azarkeşlər bu matçları izləyib mənim haqqımda yaxşı danışıblar, həm də gələcəkdə məni transfer etməyə çalışa biləcək yaxşı Premyer Liqa və ya Çempionşip klublarından olan skautlar da. Həmişə əlimdən gələni etməyə və komandaya kömək etməyə çalışıram. Bu iki oyunda doqquz qol buraxdım, ona görə də təbii ki, xoşbəxt deyiləm. Uduzduğunuz və bu qədər qol buraxdığınız matçda yaxşı oynaya bilməzsiniz. Amma bundan sonra azarkeşlərin və insanların mənim haqqımda yaxşı danışmasından çox məmnunam. Bu, mənim üçün böyük bir motivasiyadır və bacarıqlarımı artırmağa çalışıram ki, bəlkə də böyük liqalarda oynaya bilim”.

Bakıda qapısına dörd qol vuran “Nyukasl”in oyunçusu Entoni Qordon da Koxalskini tərifləyib.
“Qarabağ”ın qapıçısı onun bir neçə zərbəsini dəf etdikdən sonra o, polşalı oyunçunu ruhlandırıb.
“Entoni Qordon səhvimdən sonra, topu küncdən vurduğum zaman yanıma gəldi və dedi: “Əsəbiləşmə, sən çox yaxşı qapıçısan, sadəcə oynamağa davam et”. Belə bir məşhur oyunçudan belə bir şey eşitmək böyük motivasiyadır”, – Koxalski deyib.
“Qaqrabağ”ın baş məşqçisi Qurban Qurbanov belə fikirlərə adətən təmkinli və peşəkar yanaşması ilə seçilir. Amma Koxalski də sanki “şəkərini bir az bol” edib…Musavat.com