“Xocalı soyqrımından 34 il ötür. O yara bizim qəlbimizdə hər zaman göynəyir və yaddaşımızdan silinməyəcək. Bir şeyə sevinirik ki, bu gün Xocalı azaddır. O daha bizdədir. Bu hissi bizə yaşadan insanlara ömrümüzün sonuna qədər təşəkkür etsək də azdır. Bu gün o şəhidlərin ruhu azad olunmuş Xocalıda pərvazlanır”.
Bunu Moderator.az-a Xocalı sakini Dürdanə Məmmədova deyib.
O daha sonra Xocalıda sonuncu toyun onun və həyat yoldaşı Vasif Qafarovun olduğunu bildirib:
“Bizim toyumuz hər dəfəsində gecikirdi. Qərarlaşdırdıq ki, yanvarın 18-də toyumuzu edək. O vaxtı da vəziyyət çətin idi. Axşam olan kimi işıqları söndürürdük ki, ermənilər biiz atəşə tutmasınlar. Elə bil hamı bilirdi ki, bu toy sonuncu toydur. Çünki 3-4 ay olardı ki, Xocalıda toy olmurdu. Hamı yığışdı, el adəti ilə iştirak etməyə başladılar. Toy başlayanda atışma gedirdi. Elə oldu ki, toyu yarım saxlamalı oldular. Hadisələr başlayandan sonra həyat yoldaşım Vasif Qafarov özünümüdafiə batalyonuna qoşuldu. Bax beləcə arzuladığımız toy yarım qaldı. Bu gün də “Vağzalı” çalınanda hönkürtü ilə ağlayıram. O vaxt toyumuzda oynayıb. Məni ağladan həm də başqa səbəblərdir. Həmin günü toyumuzda elə adamlar var ki, bu gün ayaqları kəsilib. Onlar sonuncu dəfə məhz bizim toyumuzda oynayıblar”.
Dürdanə xanım bildirib ki, Xocalıda sonuncu toy onların olduğu kimi doğma torpaqları azad olandan sonra ilk toy da məhz onların olub:
“32 ildən sonra Xocalıya qayıtmaq bizim üçün bir möcüzə idi. Ələxsus da 32 il əvvəl toyumuzda yarım qalan toyumuzu qeyd etmək, “Vağzalı” çaldırmaq həqiqətən də bizim üçün çox çətin idi. Sevinc hissi ilə kədər bir-birinə qarışmışdı. Bizi üzən həm də Xocalının xarabalığa dönməsi idi. “Xocalı. Son toy” filmi ərsəyə gətirdilər. Filmin rejissoru Yusif Ələkbərzadəyə, baş prodüseri Fuad Hüseynəliyevə təşəkkürümü bildirirəm ki, toyumuzun yarım qalan “Vağzalı”-sını Xocalıda tamamladılar”.
Dürdanə Məmmədova bildirib ki, ən böyük arzusu yenidən Xocalıda yaşamaqdır:
“Mənim ən böyük arzum Xocalıya köçüb, orada yaşamaq və nəvəmə toy etməkdir. Bizim evimiz Xocalı hava limanı istiqamətində idi. İkimərtəbəli evimiz var idi. O evlərin heç birindən əsər-əlamət qalmayıb. İz də qoymamışdılar ki, heç olmasa illər sonra qayıdanda evimizi tapaq. Daş üstə daş da qalmamışdı. Ən böyük arzum yenidən Xocalıda yaşamaq, orada ömrümü başa vurmaqdır”, - deyə Xocalı sakini bildirib.