“1980-ci ildə Xocalıda anadan olmuşam. Hadisələr baş verəndə mən Ağdamda, ailə üzvlərimin hamısı Xocalıda idi”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Oxu.az-a Xocalı faciəsində 11 yaxınını itirən Zərif Zəkəra qızı Quliyeva deyib.
“Atışma çox güclü idi, hər kəs canını qurtarmağa çalışırdı. Kiçik qardaşım ailəsinin aralı düşdüyünü eşidib geri qayıdıb ki, onları tapsın. O, çox mərd idi. Üstündə qumbara olduğu deyilib mənə. Qumbara ataraq dörd ermənidən qisas alıb. Daha sonra ona tərəf qumbara atılıb. Həmin partlayış zamanı qardaşım ağır yaralandığı üçün qucağındakı uşaqla orada şəhid olub. Böyük qardaşımın adı Əkbər, kiçik qardaşımın isə Taleh idi”, - o bildirib.
Z.Quliyeva qeyd edib ki, Xocalı soyqırımında ailəsi çox ağır itkilər verib:
“Atam, anam, iki qardaşım, qardaşlarımın övladları, bacım, bacımın qızı, böyük bacımın oğlu - hamısı şəhid oldu. Bir gecənin içində səkkiz şəhid verdik. Sonrakı illərdə iki bacımın yoldaşları şəhid oldu. Ümumilikdə Quliyevlər ailəsi olaraq 11 şəhid verdik. Bununla da, kəndimizdə ən çox şəhid verən ailə olduq. Böyük bacım həm şəhid ailəsi üzvüdür, həm də şəhid anasıdır.
Onun 17 yaşlı oğlu atəş altında qalaraq həlak olub. Hadisələrdən sonra Ağdamda xocalıları qarşılama mərasimində iki bacım gəldi. Qardaşlarımızdan xəbər yox idi. Daha sonra qardaşımın yoldaşı ilə səkkiz yaşlı qızı gəldi. Hər ikisi yaralı idi. Qardaşım qolundan, qardaşımın qızı isə qarnından güllə yarası almışdı. Qızı çox keçmədən dünyasını dəyişdi.
Biz Ağcabədiyə getdik. Qardaşım, qardaşımın qızı və əmimin gəlini bizdən əvvəl oraya aparılmışdılar. Atamla anamdan isə hələ xəbər yox idi. Martın 5-i və 6-da atamın və anamın meyitləri gəldi. Martın sonlarında böyük qardaşımdan da xəbər çıxdı. Sonra bacımgilin meyitlərini gətirdilər. Onlar Ağdamda dəfn olundular. Həmin vaxt heç kim Ağdamın işğal olunacağını düşünmürdü.
Başımız bir cənazədən digərinə qarışmışdı. Böyük qardaşım barədə bir müddət “sağdır, əsir düşüb” deyirdilər. Onu çox gözlədik. Ard-arda itkilər verdik. Ermənilərin öldürdükləri böyük qardaşımın 29, kiçik qardaşımın 24, bacımın 26 yaşı vardı. Atam 53, anam 58 yaşında idi. Şəhid olan uşaqların səkkiz və iki yaşı vardı. Bacımın oğlu 17 yaşında idi. Çox ağırdır, danışmaq çətindir”.
"Cebheinfo.az"