AZ

Müasir şəraitdə Azərbaycan dilinin inkişaf konsepsiyası

Ana dili xalqın varlığını təmin edən ən önəmli amildir. Ana dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvi varlığının ifadə vasitəsidir. Müasir beynəlxalq inteqrasiya şəraitində ana dilinin qorunmasında çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi inkişafı ilə bağlı apardığı siyasət, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və dünya dilləri arasında mötəbər mövqe qazanmasına imkanlar yaradır. Xalqın varlığında mənəvi dəyərləri əsas götürən İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir. Prezident İlham Əliyevin dövlətçiliyin inkişafı ilə bağlı apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasəti müstəqilliyimizin möhkəmlənməsi ilə səciyyələnir. Dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətçilik siyasətində həmişə önəmli yer tutmuşdur. Azərbaycan dilinin dövlət dili olaraq funksionallaşmasının, eləcə də beynəlxalq nüfuzunun qarşısını alan maneələr aradan qaldırılır. Xüsusilə, dövlət dilinin inkişafı ilə bağlı verilən silsilə sərəncam və fərmanlar, eləcə də müxtəlif dövlət tədbirlərində çıxışları zamanı qeyd etdiyi dəyərli fikirlər bunu sübut edir. Dövlət dilinin ictimai nüfuzunun qaldırılması ilə bağlı aparılan siyasət milli ictimai təfəkkürü inkişaf etdirir. Azərbaycan dilinin hərtərəfli inkişafı ilə bağlı gördüyü tarixi işlər isə onun dövlət dili olaraq siyasi mövqeyini möhkəmləndirir. Bu baxımdan Azərbaycan mənəviyyatını, azərbaycançılıq ideologiyasını, milli-mənəvi varlığı özündə əks etdirən milli irsimizin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə həyata keçirildi. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları dövlət dilinin inkişaf perspektivlərinin əsasını qoydu və ana dilinin tətbiq sahələrini genişləndirdi, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun nəticəsi olaraq kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər Azərbaycan və dünya ədəbiyyatının latın qrafikası ilə nəşrini tam əhatə edir.

Prezident İlham Əliyev tərəfindən 23 may 2012-ci ildə imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli Sərəncamı Azərbaycan dilinin dövlət dili kimi tətbiq və inkişaf sahələrini genişləndirdı. Sərəncamda vurğulanır: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Bu sərəncamda Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmaqla yanaşı, dövlət dilində özünü göstərən qüsurlar və problemlərdən bəhs edilmişdir. Azərbaycan dilinin qədimliyini əks etdirən tədqiqatların aparılması, tarixi gerçəkliklərin üzə çıxarılması əsas məsələ kimi qeyd edilmişdir. Xüsusilə, Azərbaycan dilinin mənşəyi, tarixi ilə bağlı davam edən yanlış konsepsiyaya tarixi faktlara əsaslanaraq son qoyulması Sərəncamda öz əksini tapmışdır. Bununla yanaşı, bu tarixi sənəddə Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilir. Qeyd edilir ki, Azərbaycan dili zəngin imkanlara malik olan bir dildir. Bu dildə elmi üslubun inkişaf yolları müəyyənləşdirilir və elmin, texnikanın, incəsənətin, istehsalatın, ictimai fəaliyyətin bütün sahələrində anlayışlar sistemi imkan daxilində dilin öz hesabına yaranması, dilin öz daxili inkişaf qanunları ilə təşəkkül tapıb inkişaf etdirilməsi nəzərdə tutulur. Bu nəzərə alınaraq 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması qərara alınmışdır. Sərəncamın verilməsi ilə tarixi ənənəyə malik olan dilimizin saflığı, təmizliyi, elmi dilimizin inkişafı istiqamətində fəaliyyət göstərən Terminologiya Komissiyasına yeni status verilmiş, onun funksiyaları daha da genişləndirilmiş, respublika daxilində termin yaradıcılığı prosesinin müəyyənləşdirilməsi vacib bir problem kimi önə çəkilmişdir.

Azərbaycan dilinin lüğət tərkibinin ən fəal layı olan terminologiya sosial-iqtisadi inkişaf, el-mi-texniki tərəqqi, qloballaşma ilə əlaqədar olaraq dəyişir, yenilənir. Həmin ifadələr müəyyən anlayışların, fikrin, yeniliyin düzgün qavranılmasında, yazı mədəniyyətinin inkişafında, sabitləşməsində böyük rol oynayır. Məhz beynəlxalq aləmə birbaşa çıxış dilin bütün səviyyələri ilə yanaşı, terminologiyaya da təsir göstərir. Elmi dili mütəxəssislər inkişaf etdirir. Orda dil texniki bir sistemə çevrilir. Ola bilər ki, bir elmi dil vahidi çox asanlıqla başqa dilə keçsin, orda inkişaf etsin. Lakin birinci növbədə xalqın intellektinin yüksək olmasından ötrü elmi dil vahidləri dilin daxili imkanları əsasında yaranmalıdır. Müasir dövrdə yalnız elm və texnikanın ayrı-ayrı sahələrinə aid, eyni zamanda, daha geniş mənada ictimai quruluşla bağlı meydana gələn məfhumların ifadəsi üçün qarşılıq axtarılarkən düzgün yol seçilmişdir. Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də dildə baş verən dəyişikliklər diqqətlə izlənilir və terminologiyanın inkişafı düzgün istiqamətləndirilir. Lüğətlərin tərtibində elmi-texniki tərəqqi ilə bağlı yeni terminlərin yaranmasında ana dilinin həlledici rolu nəzərə alınır. Yeni anlayışların ifadəsi üçün dilin lüğət tərkibi daxilində sözseçmə prinsipi ilə alınma sözlərin qarşılığı tapılır, kalka yolu ilə yaradılan terminlərin istifadəsinə geniş yer verilir. Azərbaycan dilinin yad təsirlərin qalıqlarından təmizlənməsi birinci növbədə xalq dilinin zəngin xəzinəsi hesabına, dilimizin öz imkanları hesabına olmalıdır. Ona görə ki, terminlərin yaradılması hər bir dilin özünəməxsus söz yaradıcılığı prosesidir. Azərbaycan dili müasir dövrdə elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, xüsusi elmi texniki anlayışları çox asanlıqla ifadə etmək mümkündür. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii və elmi üslubları daha da zənginləşir. Beynəlxalq terminlərin alınıb işlədilməsi isə tələbatı ödəmək üçün vacibdir. Bu dillərin qarşılıqlı zənginləşməsinin qanunauyğunluqlarından doğur. Lakin, bu məsələyə münasibətdə ifrata varmaq, dilimizə lüzumsuz yerə alınmaların gəlməsinə yol vermək olmaz.

Hazırda Azərbaycan dilinin inkişafı ilə əlaqədar bir çox uğurlar əldə edilmişdir. Azərbaycan dili dövlət dilidir, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur, konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dilin inkişafında özünü göstərən bir sıra problemlər var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. İndiyədək Terminologiya Komissiyasında aşağıdakı istiqamətdə işlər aparılır: elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminoloji lüğətlərin hazırlanması və nəşri; terminlərin dövrü mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün tətbiqinə nəzarət; terminologiyanın dilçilik problemlərinin işlənilməsi.

Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Bu müəyyən mənada müstəqil türk dilli dövlətlərin ortaq elmi terminologiyaya malikliyini şərtləndirir. Türk dilləri üçün ortaq terminoloji bazanın yaradılması bu gün üçün aktual olan bir məsələdir. Dilimizdə müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır. Ona görə də ortaq terminoloji bazanın yaradılmasında beynəlxalq terminlər təyin edilmiş vahid mənbədən alınmalıdır. Anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli həm terminologiyanın standartlaşdırılması üçün şərait yaradır, həm də türk dillərinin lüğət tərkibinin vahid mənbədən inkişafına təkan verir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid ortaq terminoloji lüğətlər tərtib olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilmiş və bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 200-dən çox terminoloji lüğət nəşr olunmuşdur. Bu lüğətlərdə dünya sivilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərtibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir.

Dövlət dilinin statusunun və işləkliyinin təmin edilməsi, təmizliyinin qorunması, tətbiqinin və tədqiqinin genişləndirilməsi baxımından Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının müstəsna əhəmiyyəti vardır. Dövlət dilinin qorunması ilə bağlı mövcud vəziyyət dövlət proqramının iki əsas müddəasının- ana dilinin yad dillərin təsirindən qorunması və ədəbi dil normalarına birmənalı şəkildə əməl edilməsi tələblərinin vacibliyini şərtləndirir. Prezident İlham Əliyev Dövlət Proqramının tələblərinin yerinə yetirilməsi istiqamətində 2017-ci ilin oktyabrında Dövlət dilinin KİV-lərdə istifadə olunması ilə bağlı dilçi mütəxəssis və media nümayəndələrinin iştirakı ilə mövcud vəziyyətin geniş müzakirəsi və çıxış yollarının müəyyən edilməsi barədə xüsusi göstəriş vermişdir. Prezident İlham Əliyevin dilimizin inkişafında başlıca rol oynayan kütləvi informasiya vasitələri qarşısında qoyduğu vəzifələr də onun dilə dövlətçiliyin inkişaf konsepsiyasının tərkib hissəsi kimi yanaşılmasını təsdiqləyir. Dövlət başçısı Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı keçirilən toplantıda, eləcə də yerli mətbuata verdiyi müsahibəsində dövlət dilinin yad təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini xüsusi qeyd etmişdir.

Diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin dil siyasətində meydana çıxan yeni çağırışlar və müasir inkişaf tendensiyaları mütləq qaydada nəzərə alınır.Məsələn, Prezident İlham Əliyev 17 iyul 2018-ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam ölkəmizdə dövlətçiliyin tərkib hissəsi olan dil siyasətinin ardıcıl olaraq aparılmasının məntiqi davamıdır və elektron məkanda yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinin inkişafının tənzimlənməsi istiqamətini müəyyənləşdirir. “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” dövlət dilinin geniş dairədə tətbiqinin təmin edilməsinin strateji vəzifələrini həyata keçirməyə meydan açan dövlət əhəmiyyətli proqramdır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxın-dan tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə başqa dövlətlərin mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması üçün Azərbaycan dilinin elektron platformasının hazırlanmasının strateji yolları müəyyənləşdirilir.

Dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur. Azərbaycan dili xalqın mədəniyyətinin, mənəvi zənginliklərinin bu gününü və keçmişini birləşdirən, onlar arasında əlaqə yaradan mənəvi bir sərvətdir. Bu sərvəti qorumaq dövlətçilikdə dil siyasətinin əsas konsepsiyasıdır və bu siyasət sistemli şəkildə uğurla həyata keçirilir.

Sayalı Sadıqova,

Azərbaycan Respublikası Nazirlər

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini,

filologiya elmləri doktoru, professor

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr