AZ

Onun milli jurnalistikada yeri görünür

Onu jurnalist həmkarları universal professional adlandırırdılar. Siyasətdən tutmuş idmana, sosial probemlərdən hüquqi mövzulara qədər sanballı və oxunaqlı məqalələr onun qələminin məhsulu olub. 
Dünən Azərbaycan Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun 75 illiyi münasibətilə düzənlənən tədbirdə mərhum jurnalistin qələm dostları, iş yoldaşları, yetirmələri, eləcə də ailə üzvləri iştirak edirdilər. 
Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış qələm sahibinin mətbu sözə bütün varlığı ilə bağlı olduğunu, jurnalistikanı özünün həyat amalına çevirdiyini qeyd etdi. Onun sözlərinə görə, Şakir Yaqubov peşəsini yalnız icra etmir, həm də onunla nəfəs alır, yaşayırdı: “O, müxtəlif janrlarda yazdığı kitablar və çoxsaylı qəzet məqalələri ilə mətbuat tarixində özünəməxsus iz qoyub. Şakir Yaqubov çox istedadlı qələm sahibi olmaqla yanaşı, redaktorluq sənətinin də incəliklərini dərindən bilən peşəkar jurnalist idi. Onun redaktəsindən keçən yazılar sanki yenidən formalaşır, zəif görünən mətnlər belə daha dolğun məzmun və ifadə gücü qazanaraq oxucuya təqdim olunurdu. Sözə həssas yanaşması və peşəkar ustalığı ilə hər zaman nümunə göstərilən sənətkar kimi xatırlanacaq”.
MŞ-nın Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu Şakir Yaqubovu ötən əsrin ortalarından etibarən Azərbaycanda formalaşan jurnalistika məktəbinin, milli mətbuatın ən parlaq nümayəndələrindən biri kimi səciyyələndirdi. 
Daha sonra çıxış edənlər – Əməkdar mədəniyyət işçiləri Qüdrət Piriyev, Müsəllim Həsənov Şakir Yaqubovun dostluqda sadaqətindən, gənclərə qayğısından, tələbə yoldaşı Hüseyn Qaraşov onun zəngin mənəvi aləmindən, tanınmış jurnalist Hikmət Sabiroğlu ana dilinin əsl cəfakeşi olmasından, həmkarı və yaxın dostu Hacı Mehman ailəcanlılığından, düzgünlüyü və ­halallığından, Əməkdar jurnalistlər Elşən Əliyev, Sədaqət Kərimova, Əntiqə Qonaq Şakir Yaqubovun zəngin yaradıcılığından və ustadlıq missiyasından söz açdılar. 
“Səhər” qəzetində mərhum jurnalistlə bir yerdə çalışmış Svetlana Rəşid, Zemfira Ələkbərova, Sənubər Qasımova, İmran Bədirxanlı, Seymur Elsevər həm özlərinin, həm də bu gün Azərbaycan mətbuatında imzaları ilə tanınan bir çox istedadlı jurnalistlərin yetişməsində Şakir Yaqubovun xidmətlərini xatırlatdılar, ustad redaktorla bağlı xatirələrini dilə gətirdilər. 
Çıxış edən digər natiqlər də adı daim hörmətlə anılacaq böyük sənətkarın həm rəngarəng yaradıcılığından, həm peşəsinin fədakarı kimi, həm də ədalətli və prinsipial insan kimi keyfiyyətlərindən danışdılar.  
Diqqətə çatdırıldı ki, Şakir Yaqubov milli jurnalistikanın inkişafı naminə göstərdiyi xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” və 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. O, 2 dəfə Əməkdar mədəniyyət işçisi və “Azərbaycan Respublikasının fəxri auditoru” adını alan yeganə jurnalistdir.
Böyük qəlbli insanın, ustad sənətkarın xatirəsini əziz tutub tədbirə gələnlərin hamısı bu fikirdə həmrəy idilər: bu gün milli jurnalistikamızda Şakir Yaqubovun yeri görünür, onun sözünə ehtiyac duyulur.     
Sonda Şakir Yaqubovun “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan”, “Banişevski olduğu kimi” kitabları iştirakçılara təqdim olundu.

İ.HƏSƏNQALA
XQ

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr