AZ

Süni intellekt əsaslı risklərə qarşı HÜQUQİ MEXANİZMLƏR YENİLƏNİR

Ekspert: “Kibercinayətkarlığa qarşı” Konvensiyanın təsdiqi Azərbaycanın kibertəhlükəsizlik siyasətində reaktiv modeldən proaktiv və qabaqlayıcı idarəetmə mərhələsinə keçidi ifadə edir

Rəqəmsal dünyanın sərhədləri yoxdur, lakin təhlükələri çox realdır. İnformasiya sistemlərinə müdaxilə, şəxsi məlumatların oğurlanması, maliyyə platformalarına kiberhücumlar və dövlət infrastrukturuna yönələn rəqəmsal təhdidlər artıq təkcə texnoloji məsələ deyil, milli təhlükəsizlik faktorudur. Məhz belə bir qlobal çağırış fonunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilmiş “Kibercinayətkarlığa qarşı” Konvensiyanın təsdiqlənməsi ölkənin rəqəmsal inkişaf strategiyasında yeni və keyfiyyətcə fərqli mərhələnin başlandığını göstərir.

Bu qərar formal hüquqi prosedurdan daha artıq məna daşıyır. Konvensiyanın təsdiqi Azərbaycanın sübutların toplanması, rəqəmsal izlərin qorunması və transsərhəd məlumat mübadiləsi sahəsində beynəlxalq standartlara uyğunlaşmasını hüquqi öhdəliyə çevirir.

Rəqəmsallaşmanın “zirehli” mərhələsi

Bu sənəd həm də dövlətin həyata keçirdiyi genişmiqyaslı rəqəmsallaşma proqramlarının təhlükəsizlik baxımından möhkəmləndirilməsi deməkdir. “Hökumət Buludu” platforması, milli məlumat bazalarının inteqrasiyası və formalaşmaqda olan vahid rəqəmsal məlumat hövzəsi artıq təkcə texnoloji yenilik kimi deyil, hüquqi mühafizə mexanizmləri ilə qorunan strateji resurs kimi qiymətləndirilir. Çünki rəqəmsal transformasiya dərinləşdikcə risklər də paralel şəkildə artır və bu risklərə qarşı institusional cavab mexanizmləri gücləndirilməlidir.

Digər tərəfdən, Konvensiyanın təsdiqi kibercinayətkarlıqla mübarizə aparan dövlət qurumlarının fəaliyyətində yeni koordinasiya mərhələsini zəruri edir. Texniki imkanların genişləndirilməsi, kadr potensialının artırılması və vahid idarəetmə modelinin formalaşdırılması artıq strateji tələbə çevrilir. Bu kontekstdə Azərbaycan təkcə region daxilində deyil, qlobal kibertəhlükəsizlik şəbəkəsində də etibarlı tərəfdaş statusunu möhkəmləndirməyə çalışır.

Rəqəmsal təhlükəsizlik artıq iqtisadi sabitliyin, investisiya mühitinin və vətəndaşların şəxsi məlumatlarının qorunmasının əsas şərtlərindən biridir. Prezident İlham Əliyev tərəfindən Konvensiyanın təsdiqi bu istiqamətdə siyasi iradənin aydın ifadəsidir. Bu qərar göstərir ki, Azərbaycan kiberməkanda baş verən dəyişiklikləri izləyən deyil, həmin proseslərin hüquqi və institusional çərçivəsini formalaşdıran aktorlardan biri olmaq niyyətindədir.

Reaktiv yanaşmadan proaktiv təhlükəsizlik modelinə

Mövzunun texniki və institusional tərəflərini daha dərindən anlamaq üçün məsələ ilə bağlı sahə üzrə mütəxəssisin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Konvensiyanın təsdiqi təkcə siyasi iradənin ifadəsi deyil, eyni zamanda milli kiber-ekosistemin strukturunda və idarəetmə fəlsəfəsində baş verən dəyişikliklərin praktiki nəticələrini özündə ehtiva edir. Bu baxımdan rəqəmsal təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumların və sektor nümayəndələrinin qiymətləndirməsi prosesin real təsir miqyasını daha aydın göstərir.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiqlənməsi, ölkənin rəqəmsal təhlükəsizlik arxitekturasında "reaktiv" yanaşmadan (hadisədən sonra reaksiya vermək) "proaktiv" və hüquqi müstəvidə tənzimlənən yeni bir mərhələyə keçidi simvolizə edir. Texniki baxımdan bu sənəd Azərbaycanın milli kiber-ekosisteminin beynəlxalq standartlara, xüsusilə də sübutların toplanması, saxlanılması və transsərhəd məlumat mübadiləsi protokollarına tam inteqrasiyasını tələb edəcəkdir. Bu, "Hökumət Buludu" (G-Cloud) və yeni yaranan "Rəqəmsal Məlumat Hövzəsi" kimi milli layihələrin hüquqi mühafizə zirehi ilə təmin olunması deməkdir.

İnstitusional olaraq bu Konvensiya Azərbaycanda kibercinayətkarlıqla mübarizə aparan qurumların (məsələn, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) səlahiyyət və imkanlarının genişlənməsini, eləcə də vahid koordinasiya mərkəzinin fəaliyyətinin gücləndirilməsini şərtləndirəcəkdir. İnkişaf trayektoriyası baxımından Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal kibertəhlükəsizlik şəbəkəsinin etibarlı bir düyümünə çevrilir. Sənəd həm də yerli qanunvericiliyin təkmilləşdirilməsinə, kiber-gigiyena normalarının icbari xarakter almasına və süni intellekt vasitəsilə törədilən yeni nəsil cinayətlərə qarşı hüquqi mexanizmlərin yaradılmasına təkan verəcək.

Nigar Orucova, "İki sahil"

Seçilən
19
1
ikisahil.az

2Mənbələr