AZ

DİQQƏT: Bu halda bank kartınız xəbərdarlıq edilmədən bloklanacaq

Azərbaycanda bəzi hallarda bankların müştərilərə əvvəlcədən xəbərdarlıq etmədən ödəniş kartlarını bloklaması müzakirələrə səbəb olur. Bəs maliyyə qurumları belə addımı hansı hallarda ata bilər və bu, qanunvericiliyə nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kartın bloklanması məsələsində əsas rol müştəri ilə bank arasında bağlanan müqavilə şərtlərinə məxsusdur.

iqtisadçı-ekspert

“Bank xidmətləri üzrə bütün şərtlər əvvəlcədən müqavilədə razılaşdırılır və müştəri həmin şərtləri qəbul etmiş sayılır.
Vətəndaşlar çox vaxt müqavilələri diqqətlə oxumasalar da, bu sənədlərdə bankın müəyyən hallarda kartı birtərəfli qaydada bloklama hüququ nəzərdə tutula bilər. Əgər müqavilədə belə müddəa varsa, bank həmin hüquqdan istifadə edir”.

Xalid Kərimlinin sözlərinə görə, bundan əlavə, ölkə qanunvericiliyi də banklara müəyyən hallarda operativ müdaxilə etmək səlahiyyəti verir.

“Xüsusilə terrorçuluğun maliyyələşdirilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) və şübhəli maliyyə əməliyyatları ilə bağlı tələblər bankların məsuliyyətini artırır. Bu hallarda banklar qanunvericiliyin tələbinə uyğun olaraq şübhəli hesab edilən kartların fəaliyyətini dərhal məhdudlaşdıra bilər”.

Ekspert vurğulayıb ki, belə vəziyyətlərdə bank faktiki olaraq xidmətin göstərilməsini müvəqqəti dayandırır, vəsaitin mənbəyini araşdırır və daha sonra məsələ müştəri ilə birlikdə aydınlaşdırılaraq həll olunur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
19
2
konkret.az

3Mənbələr