AZ

Ermənistanda seçicilərin 61% i heç kimə etibar etmir  Hasan Oktay

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Hasan Oktay: “Moldova ssenarisi Ermənistan üçün real təhlükə yaradır”

Ermənistanda 2026-cı il parlament seçkiləri ərəfəsində siyasi və geosiyasi vəziyyət diqqət mərkəzindədir. Rusiyalı analitik Andrey Areşevin “hibrid sürətli müdaxilə gücü” ifadəsi və Avropa İttifaqının verdiyi texniki və maliyyə dəstəyi məsələsi bölgədə maraqların toqquşmasını göstərir.

Areşev “Sputnik Ermənistan”a bildirib ki, Ermənistan xarici işlər naziri seçkilərdən əvvəl Aİ-dən hibrid sürətli reaksiya qrupu göndərilməsini istəyib. Onun sözlərinə görə, Sandu rejimi ilə Paşinyan hökuməti arasında yalnız xarici işlər nazirləri səviyyəsində deyil, kəşfiyyat xidmətləri vasitəsilə də sıx əlaqələr mövcuddur. Areşevin fikrincə, bu hazırlıqlar seçkilərdə Paşinyan və komandasının qalib gəlməsini təmin etmək məqsədini güdür, bu da geosiyasi xarakter daşıyır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, A.Areşevin qeyd etdiyi “hibrid sürətli müdaxilə gücü” ifadəsi Ermənistanın Avropa İttifaqından tələb etdiyi texniki və maliyyə dəstəyi paketinə istinad edir:

"Bu termin təhlükəsizlik və seçki mühitinin qorunması kontekstində işlədilir. Aİ rəsmiləri, o cümlədən Kaya Kallas və Marta Kos, Ermənistanın 2026-cı il seçkiləri ərəfəsində Rusiyadan qaynaqlana biləcək dezinformasiya və kiberhücumlara qarşı dəstək istədiyini təsdiqləyiblər. Bu müraciət rəsmi kanallar vasitəsilə edilib. Aİ Ermənistanın kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə təxminən 12-15 milyon avro həcmində vəsait ayırıb. Bu vəsait “hibrid təhdidlər”lə mübarizə üçün nəzərdə tutulub. Areşev kimi bəzi rusiyalı analitiklər isə bu texniki dəstəyi Qərbin seçkilərə birbaşa müdaxiləsi kimi şərh edirlər. Onlar bu geosiyasi rəqabətin tərkib hissəsidir.

Areşevin “Moldova ssenarisi” ifadəsi 2024-2025-ci illərdə Moldovada baş verən proseslərə istinaddır. Bu termin siyasi polemikalarda tez-tez işlədilir.

Rusiyapərəst dairələr iddia edirlər ki, Moldova prezidenti Maia Sandu Qərb institutlarının dəstəyi ilə Rusiyaya yaxın müxalifəti zəiflədib. Onların fikrincə, bu proses “hibrid təhdid” arqumenti ilə əsaslandırılıb və seçki mühitinə təsir göstərib.

Bu yanaşmaya görə, Ermənistanın baş naziri Nikol Paşinyan da “Rusiya müdaxiləsi” arqumentindən istifadə edə bilər. Məqsədin müxalifəti siyasi təzyiq altında saxlamaq olduğu iddia olunur.

Analitik Areşevin Moldova və Ermənistan xüsusi xidmət orqanları arasında “yaxın əlaqələr” olduğunu iddia etdiyini deyib:

"Bu fikir son illərdə təhlükəsizlik siyasətində baş verən dəyişikliklərlə əlaqələndirilir. Hər iki ölkə təhlükəsizlik arxitekturasını Rusiya mərkəzli platformalardan uzaqlaşdırmağa çalışır. Eyni zamanda Qərb standartlarına, xüsusilə kibertəhlükəsizlik və məlumat mübadiləsi sahəsində uyğunlaşma prosesi aparılır.

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il seçkilərini həlledici mərhələ kimi qiymətləndirir. Partiya bunu ölkənin geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından vacib sayır. Müxalifət və Rusiyaya yaxın dairələr isə prosesi fərqli təqdim edir. Onlar bunu Qərbin Ermənistanı Rusiyadan tam uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirirlər.

7 iyun 2026-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində aparılan sorğular hakimiyyətin reytinqinin azaldığını göstərir. Lakin müxalifətin parçalanmış vəziyyəti Paşinyanı hələ də əsas siyasi fiqur kimi saxlayır".

Ekspert qeyd edib ki, Ermənistan cəmiyyətində siyasi boşluq hiss olunur:

"Son rəy sorğuları, o cümlədən IRI və MPG məlumatları, seçicilər arasında ciddi tərəddüd olduğunu göstərir.

Paşinyanın şəxsi reytinqi 2021-ci ildəki 50 faizdən yuxarı səviyyədən 13-17 faiz aralığına enib. Partiyası isə 11-18 faiz civarında dəstək saxlayır və birinci mövqedə qalır.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” ittifaqı 4-10 faiz aralığında dəstəyə malikdir. Bu göstərici sabit elektoratın mövcudluğunu göstərir.

Seçicilərin təxminən 60-61 faizi heç bir siyasi liderə etibar etmədiyini bildirir. Bu rəqəm daxildə ciddi siyasi böhran əlaməti kimi qiymətləndirilir".

Siyasi şərhçi müxalifətdən olan namizədlər barəsində də fikirlərini bölüşüb:

"Robert Koçaryan kampaniyasında təhlükəsizlik məsələlərini ön plana çıxarır. Rusiya ilə münasibətlərin prioritet olduğunu vurğulayır.

Arman Tatoyan, keçmiş Ombudsman kimi sərhəd təhlükəsizliyi və Qarabağ məsələlərində aktiv mövqe sərgiləyib. O, alternativ siyasi fiqur kimi təqdim olunur.

Gagik Tsarukyan və Andranik Tevanyan: Bu iki siyasi fiqurun mümkün ittifaqı müzakirə edilir. Onların birgə platforma yaradacağı ehtimalı istisna olunmur.

Samvel Karapetyan isə Rusiyada fəaliyyət göstərən iş adamıdır. O, “Güclü Ermənistan” partiyasının baş nazir namizədi kimi təqdim edilir. Lakin ikili vətəndaşlıq və yaşayış tələbləri səbəbindən namizədliyinin hüquqi tərəfi mübahisəlidir. Hakimiyyət onu Rusiya təsir aləti kimi xarakterizə edir".

Politoloq vurğulayıb ki, Ermənistan qanunvericiliyinə görə, siyasi qüvvələrdən heç biri parlamentdə hökumət qurmaq üçün tələb olunan çoxluğu əldə etməzsə, ikinci tur keçirilir:

"Bu halda ən çox səs toplamış iki qüvvə yenidən yarışır. Areşevin “Moldova ssenarisi” ilə bağlı xəbərdarlıqları siyasi polemikanın bir hissəsidir. Bu yanaşma hakimiyyətin qərarsız seçiciləri təhlükəsizlik və Qərblə inteqrasiya şüarı ətrafında toplamaq strategiyası ilə əlaqələndirilir.

Müxalifət isə Aİ dəstəyinin seçki mühəndisliyi üçün istifadə oluna biləcəyini iddia edir. Hakimiyyət bu ittihamları qəbul etmir.

2026 seçkiləri Ermənistan üçün yalnız siyasi yarış deyil. Bu proses həm də ölkənin geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
sherg.az

1Mənbələr