AZ

Rəvan Həsənov: XVII Multikulturalizm Qış Məktəbi Azərbaycanın tolerantlıq modelini tanıdacaq VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbi Azərbaycanın mədəniyyətlərarası dialoq kontekstində şəhərsalma və memarlıq irsi mövzusuna həsr olunub. Qış məktəbi bir həftə ərzində Bakı şəhərində, eləcə də Quba və Qusar bölgələrində təşkil ediləcək. Qış məktəbində təxminən 18 ölkədən 25-dən çox xarici tələbə iştirak edir. Bu tələbələr öz universitetlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan və Azərbaycanın tolerantlıq və multikulturalizm modelinə həsr edilmiş fənni dinləyiblər. İştirakçıların əksəriyyəti Azərbaycana ilk dəfə səfər edir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Şəhidlər xiyabanını ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

Layihənin əsas məqsədinin Azərbaycanın gənc dostlarının sayını genişləndirmək olduğunu diqqətə çatdıran R.Həsənov əlavə edib: “Mərkəzin son 10 il ərzində həyata keçirdiyi bu layihələrdə minlərlə xarici tələbə iştirak edib. Bu gün həmin gənclər öz ölkələrində Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği ilə məşğul olur, eyni zamanda, Mərkəzlə sıx əməkdaşlıq edirlər və faktiki olaraq Azərbaycanın gənc səfirləri kimi çıxış edirlər”.

İcraçı direktor vurğulayıb ki, layihənin əsas məqsədlərindən biri tələbələrin auditoriyada əldə etdikləri nəzəri bilikləri praktiki müstəvidə görmələrinə şərait yaratmaqdır: “Şəhərsalma və Memarlıq İli” çərçivəsində biz Azərbaycanın həm qədim, həm də müasir memarlığının nə qədər inklüziv şəkildə formalaşdığını iştirakçılara əyani olaraq göstərəcəyik. Memarlığın icmalararası münasibətlərdə, eləcə də dinlərarası dialoqda oynadığı mühüm rolu, alban, yəhudi və İslam irsimizi praktiki nümunələr əsasında gənclərə təqdim edəcəyik”.

R.Həsənov əlavə edib ki, qış məktəbi çərçivəsində mühüm seminarlar təşkil olunacaq, müxtəlif dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai-siyasi xadimlərlə görüşlər keçiriləcək: “Tələbələr bu görüşlər zamanı onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər. İnanırıq ki, birhəftəlik proqram çərçivəsində iştirakçılar Azərbaycandan xoş və unudulmaz xatirələrlə ayrılacaqlar”.

Seçilən
9
azertag.az

1Mənbələr