AZ

Mürgüləyən həqiqət və oyaq "pusquçular": elmə qarşı texnokratik təxribat



Dünən elm məbədinin iclas salonundan tirajlanan o "mürgüləmə" kadrları, əslində təsadüfi bir anın yox, məqsədli bir idarəçilik strategiyasının ən çirkin pərdəsidir. Sosial şəbəkələrdə "Baxın, elmimiz yatır!" deyə süni hay-küy qoparanların "oyaq"lığına aldanmayın. O "sehrli obyektiv", məhz o anı pusub ki, "akademik mühit köhnəlib, hər şeyi yeniləmək lazımdır" deyən texnokratik tezisin altına vizual möhür vursun. Bu, bir jurnalistika uğuru deyil; bu, akademik ləyaqəti küncə sıxışdırıb, elmi elitanı gözdən salmaq üçün qurulmuş vizual sui-qəsddir.

Gəlin məsələyə o sifarişli obyektivlərin kor qaldığı tərəfdən baxaq: Alim niyə mürgüləyir?
Alim ona görə mürgüləyir ki, o, gecəni dəbdəbəli ziyafətlərdə deyil, arxivlərin tozlu sükutunda və laboratoriyaların soyuq divarları arasında keçirir. Səhərə qədər bir tarixin izini, bir elmi düsturun həllini axtaran ağsaqqalın, gündüz o monoton, statistik rəqəmlərlə dolu saxta çıxışların sədası altında gözünün yumulması qəbahət deyil – bu, gərgin əqli zəhmətin şərəfli yorğunluğudur.

Əslində, o akademiklər mürgüləyirlər, çünki tribunadan səslənən "innovasiya", "sinerji" və "ekosistem" kimi boş ritorikalar onların 40 il əvvəl aşdıqları elmi təpələrdir. İnsan o vaxt yuxuya gedər ki, ona onilliklər öncə bildiyi həqiqətləri "yeni kəşf" kimi sırımağa çalışırlar. Tribunadan elm yox, sadəcə quru "inzibati hesabat" eşidiləndə, böyük təfəkkür özünü qorumaq üçün sükuta – yuxuya çəkilir.

Bu görüntüləri məqsədli şəkildə yayan çevrələrin hədəfi aydındır: Ölkənin intellektual yaddaşını lağ obyektinə çevirmək və meydanı təhsilin "T" hərfindən bixəbər olan, lakin "PowerPoint" slaydları hazırlamaqda mahir "menecerlərə" boşaltmaq. Mesaj bəsit və təhlükəlidir: "Görürsünüz, təcrübəli nəsil tükənib, idarəçiliyi bizə verin."
Lakin unudurlar ki, elmi idarəçilik rəngli slaydlarla deyil, o mürgüləyən gözlərin illərlə oxuduğu kitabların çəkisi ilə ölçülür. Müəllim nüfuzundan dəm vurub, alimi mürgülədiyi yerdə pusub dünyaya car çəkmək riyakarlıqdır. Bu, "Kor kora lağ eləməsə, korun bağrı çatlayar" məsəlinin müasir və rəzil versiyasıdır.

Bəlkə də bu mənzərəni yaradan "yaradıcı qruplar" üçün alimin oyaq variantı qorxuludur. Çünki:
Oyaq alim 80 minlik test labirintlərinizin mahiyyətini soruşur.Oyaq alim "Oğul, sən ömründə beş nəfərə rəhbərlik etmisənmi?" deyə hesabat tələb edir. Oyaq alim islahat dumanı ilə "pellet" tüstüsünü bir-birindən ayırmağı bacarır.
Ona görə də, elmi iclasların küncündə yatmış akademik obrazı, bəzi texnokratlar üçün ən "təhlükəsiz" və arzulanan görüntüdür.

O şəkilləri tirajlayanlar bilsinlər: Alimin mürgüləməsi onun gərgin əməyinin, sizin isə tribunadakı səmimiyyətsizliyinizin nəticəsidir. Gündüz vaxtı fənərlə adam axtaran Diogen bu kadrları görsəydi, fənəri söndürüb deyərdi: "Siz insanın təbii yorğunluğuna deyil, idarəetmə dilinizin həqiqətə kor qalmasına lağ edin!"

Güzgüyə baxanda bəlkə alim görərsiniz. Amma diqqətli olun – o güzgü sifarişlə "yuxu" ovuna çıxanların obyektivi yox, o yorğun akademikin səhərə qədər yazdığı müqəddəs kitabların ağ səhifələridir.

Bu kadrları tirajlayıb qocaman alimləri lağ obyektinə çevirənlərə bir xatırlatmamız var: O insanlar ömürlərini, enerjilərini və gəncliklərini elm yolunda şam kimi əridiblər. Sizlər isə hələ yolun lap başlanğıcındasınız. Bu fədakar insanları pusquya salmaqla nəticə əldə edəcəyinizi sanmayın.
Unutmayın ki, keçmişinə tapançadan atəş açanı gələcək topa tutacaqdır!



Şəmsi Qoca




Seçilən
9
aia.az

1Mənbələr