Yer üzündə elə yerlər var ki, ora rəsmi şəkildə giriş qadağan edilib. Bəziləri təhlükəli xarabalıqlara, digərləri isə izahı çətin olan hadisələrə görə bağlanıb. Müxtəlif ölkələrin hökumətləri ciddi məhdudiyyətlər tətbiq edib və hər qərarın arxasında öz hekayəsi dayanır.
AzPost Far & Wide nəşrinə istinadla turistlər üçün qadağan olunmuş ən mistik 10 məkanı təqdim edir.
Poveqlia adası, İtaliya – ölüm adası

Venesiya ilə Lido adası arasında yerləşən bu kiçik ada Avropanın ən qorxulu məkanlarından sayılır. Orta əsrlərdə taun epidemiyası zamanı minlərlə xəstə buraya gətirilərək təcrid olunub. XX əsrdə burada psixiatriya xəstəxanası fəaliyyət göstərib. Hazırda təhlükəli tikililər və sahil eroziyası səbəbindən ada rəsmi olaraq ziyarətə bağlanıb.
Bhanqarh qalası, Hindistan
Racastan ştatında yerləşən XVII əsrə aid qala gün batandan sonra giriş üçün rəsmi şəkildə qadağandır. Rəsmi səbəb vəhşi heyvanlar və təhlükəli xarabalıqlardır. Yerli əfsanəyə görə isə qala lənətlənib.
Aokiqahara meşəsi, Yaponiya

Fudzi dağının ətəyində yerləşən bu sıx meşədə maqnit süxurlar kompasların düzgün işləməsinə mane olur. Hakimiyyət bəzi ərazilərə girişi məhdudlaşdırıb və əraziyə nəzarət gücləndirilib.
Paris katakombaları, Fransa
Paris altında yüzlərlə kilometr uzunluğunda tunellər mövcuddur. Onların yalnız kiçik hissəsi turistlər üçün açıqdır. Qalan ərazilərə giriş təhlükəli olduğu üçün qadağandır.
Haşima adası, Yaponiya

Bir vaxtlar sıx məskunlaşmış kömür mədəni adası 1974-cü ildə tamamilə tərk edilib. Hazırda binaların çökmə riski səbəbindən yalnız məhdud ərazilərə bələdçi ilə giriş icazəlidir.
Hoya-Baçu meşəsi, Rumıniya
Kluj-Napoka yaxınlığında yerləşən bu meşə qəribə formalı ağacları ilə tanınır. Rəsmi qurumlar uzaq hissələrə getməyi məsləhət görmür.
Nort-Brazer adası, ABŞ
Nyu-York yaxınlığındakı bu ada vaxtilə karantin xəstəxanası kimi istifadə olunub. Hazırda quş qoruğu elan edilib və giriş qadağandır.
Veyverli-Hillz sanatoriyası, ABŞ

Kentukkidə yerləşən keçmiş vərəm xəstəxanası təhlükəsizlik səbəbilə ciddi nəzarət altındadır. Ziyarətlər yalnız məhdud formatda təşkil olunur.
Hambersoun, Çili

Atakama səhrasında yerləşən bu keçmiş mədən şəhəri UNESCO siyahısına daxildir. Dağılma riski səbəbindən giriş yalnız icazə və bələdçi ilə mümkündür.
La Noria, Çili
Tamamilə tərk edilmiş mədən qəsəbəsi izolyasiya və təhlükəli tikililər səbəbindən məhdudlaşdırılıb.
Bu məkanların bəziləri real təhlükə, digərləri isə qorxulu əfsanələrlə yadda qalıb. Rəsmi qurumlar isə təhlükəsizlik amilini əsas gətirərək onların əksəriyyətinə sərbəst girişi qadağan edib.