Ukraynada potensial sülh sazişi imzalandıqdan sonra hərbi briqada yerləşdirmək üçün Böyük Britaniya, çox güman ki, Estoniya və Kiprdəki qüvvələrini çıxarmağa məcbur olacaq...
Poliqon xəbər verir ki, bu barədə müdafiə qurumunun yüksək rütbəli nümayəndələrinin qiymətləndirmələrinə istinadən The Times yazır.
Material müəllifləri xatırladır ki, Volodimir Zelenskinin sözlərinə görə, Böyük Britaniya və Fransa Rusiya ilə sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynaya hərəsi 5000 hərbçi göndərməyi öhdəsinə götürüb. Lakin Londonun bu vədi yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur. Müdafiə Nazirliyinin daxili planlaşdırması daha kiçikmiqyaslı yerləşdirməni nəzərdə tutur.
"Reallıqda 5000 hərbçi göndərmək üçün ümumilikdə 20 min nəfərlik qüvvə lazımdır. Bu saylara çatmaq üçün Baltik ölkələrindən və ya Kiprdən qoşunları çıxarmalı olacağıq. Bu, ideal variant deyil. Əgər Baltik ölkələrindən çıxarsaq, bu, sadəcə yeni bir cəbhə açacaq. Kipr isə son dərəcə vacib imkanlara malikdir. Biz yalnız bir il müddətinə 5000 əsgər göndərə və onlara istifadə edə biləcəkləri silah verə bilərik. Amma onların hərəkət edəcəyi texnika olmaz", deyə müdafiə qurumundakı adı açıqlanmayan mənbə bildirib.
Nəşr izah edir ki, Ukrayna ərazisində 5000 britaniyalı hərbçini saxlamaq üçün azı 15 min əsgər lazımdır. Buraya yerləşdirilməyə hazırlaşan 5000 hərbçi və rotasiyadan sonra bərpa olunan daha 5000 hərbçi daxildir. Qalanları isə "yardımçı funksiyalar" yerinə yetirəcək — avadanlıqların daşınmasına kömək və yerləşdirmə ilə bağlı xüsusi hazırlıqlar kimi.
Hazırda Estoniyada "Kabrit" əməliyyatı çərçivəsində təxminən 800 britaniyalı hərbçi yerləşdirilib. Onlar NATOnun şərq cinahında Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün nəzərdə tutulub.
"Bizim Estoniya qarşısında NATO-nun gücləndirilmiş ön mövcudluğu çərçivəsində qoşun yerləşdirmə ilə bağlı uzunmüddətli öhdəliklərimiz var və bu dəyişməyib", deyə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Britaniya əsgərləri Kiprdə də yerləşir. Nəşrin mənbələri bildiriblər ki, bu qüvvələr regiona uyğunlaşıb və onların yenidən yerləşdirilməsi strateji baxımdan sərfəli olmayacaq.
Ötən həftə Fransa və Böyük Britaniya Ukrayna ordusunun hazırlanmasına kömək etmək və silah-sursatın saxlanılması üçün mühafizə olunan obyektlərin tikintisinə nəzarət etmək barədə razılaşma imzalayıblar. Zelenskinin sözlərinə görə, hər iki ölkə 5000 hərbçi ayıracaq.
Material müəllifləri qeyd edirlər ki, britaniya və fransız qoşunlarının Ukraynada yerləşdirilməsi planı Parisdəki qərargahda hazırlanır. Planlaşdırıcılar hansı bölmələrin yerləşdirilməsinin məqsədəuyğun olacağını qiymətləndirmək üçün Ukraynaya göndərilib. Həmçinin vurğulanır ki, hər hansı qoşun yerləşdirilməsi Britaniya parlamentinin təsdiqini və nazirlərin qərarını tələb edəcək.
Jurnalistlər xatırladıblar ki, ötən ilin yazında keçmiş müdafiə qərargah rəisi, admiral Toni Radakin Avropa ölkələrindən sülh razılaşması imzalanacağı halda Ukraynaya göndəriləcək 64 min nəfərlik kontingent formalaşdırmağın mümkün olub-olmadığını soruşmuşdu. Həmin vaxt Böyük Britaniya 10 min əsgər ayırmağa hazır idi, lakin sonradan bu rəqəm azaldıldı. Hazırda ölkənin müntəzəm ordusunda təxminən 71 min hazırlıqlı hərbçi var.
Avropa ölkələrinin müdafiə nazirləri hesab edir ki, 64 minlik həddə çatmaq mümkün deyil. Onların fikrincə, hətta 25 min nəfərlik birgə qüvvə belə birlikdə fəaliyyət üçün böyük səy tələb edəcək.
Poliqon.info