Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan müasir və inkişaf edən ölkədir, burada insanlar bir-birinə hörmətlə yanaşır, səbirli və tolerantdırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı David Espinel deyib.
Ekvadordan olan tələbə David Espinel qeyd edib ki, Bakı müasir şəhərdir və burada olmaq maraqlıdır. O, Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirərək bildirib ki, ölkəmizdə insanlara münasibət səmimidir və bu, xarici qonaqlarda xoş təəssürat yaradır.
Ekvadorlu tələbə Azərbaycan mətbəxini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, milli yeməklər çox dadlıdır və zəngin mətbəx mədəniyyəti ölkənin tanınmasında mühüm rol oynayır.
David Espinel əlavə edib ki, Azərbaycanın dəyərləri və multikultural yanaşması beynəlxalq səviyyədə müsbət nümunə kimi qəbul olunur.