AZ

Paşinyan Türkiyə ilə danışıqlarda pozitiv nəticələrə ümid edir Ankara isə Bakıdan cavab gözləyir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşanın Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və təhlil mərkəzlərinin nümayəndələri ilə görüş zamanı Ermənistan-Türkiyə münasibətlərində irəliləyişə ümid etdiyini açıqlayıb. Paşinyan bölgədə gərginliyin olmadığını və münasibətlərin müsbət istiqamətdə dəyişdiyini vurğulayıb.

Ermənistanın Baş naziri bildirib ki, son illərdə Türkiyə ilə aktiv dialoq aparılır və şəxsi görüşlər nəticəsində pozitiv nəticələr əldə edilib: “Mən bir neçə dəfə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşəm. Keçən ilin iyun ayında Türkiyəyə ilk işgüzar səfərim baş tutdu. Çox müsbət dialoqumuz var. Eyni zamanda vəziyyət kifayət qədər yetkinləşib ki, praktik addımlar atılsın”.

Paşinyan diqqət çəkib ki, Ermənistan-Türkiyə sərhədi 1990-cı illərin əvvəllərindən bağlıdır və məqsəd sərhədin açılmasıdır. O qeyd edib ki, nəqliyyat və logistik layihələr mövcuddur: “Ümid edirik, TRIPP marşrutu Ermənistan ərazisi vasitəsilə, sonra Türkiyə üzərindən Avropa İttifaqına davam edəcək”.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib ki, Ankara- İrəvan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.

“Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik” –deyə, o, bildirib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azpolitika.info

1Mənbələr