AZ

İclasda yatanları qınayaq, ya fotoları paylaşanları?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünəndən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası zamanı bəzi alimlərin yatdığı iddia olunan görüntülərin yayılması cəmiyyətdə geniş müzakirələrə yol açıb. 

Sosial şəbəkələrdə sürətlə yayılan kadrlara münasibət isə birmənalı olmayıb. Belə ki, bir qrup bunu alimlərin iclasa qeyri-ciddi yanaşması kimi qiymətləndirib, digərləri isə görüntülərin ictimailəşdirilməsini doğru hesab etməyib.

“Cebheinfo.az”-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, iclasdakı şəxslərin əksəriyyəti yaşlı olub. 

O qeyd edib ki, ömrünü-gününü elmə sərf etmiş insanları bu şəkildə məsxərəyə qoymaq, istehza etmək olmaz:

“İclas keçirilib və oradan fotolar yayılıb. Düzdür, fotoların gerçəkliyinə şübhə edənlər də var, hətta bunun süni intellekt vasitəsilə hazırlandığını iddia edənlər də. Amma fakt budur ki, yayılan görüntülərdə belə bir mənzərə görünür.

Burada, təbii ki, etik məqamlar var. Məsələn, iclasda görünən şəxslərin əksəriyyəti yaşlı insanlardır. Həmin epizodları paylaşmaq, alimləri məsxərəyə qoymaq, lağ obyektinə çevirmək doğru yanaşma deyil. 

Digər tərəfdən, bunu edənlərin də öz arqumenti var ki, rəsmi iclasda yatmaq olmaz və ictimai vəzifə daşıyan şəxslər məsuliyyət hiss etməlidirlər və s.”.

Qulu Məhərrəmli qeyd edib ki,  cəmiyyətdə alt qatda ciddi narazılığın olduğu hiss olunur:

“Ümumiyyətlə, hər məsələyə etiraz dalğası, hər fütsətdə bu cür emosional münasibət sərgiləmək meyili hiss olunur. Bunun səbəblərini müəyyən qədər anlamaq olar. Reaksiyalar bir qədər də iclasların mahiyyətsizliyi və səmərəsizliyi ilə bağlı narazılığın ifadəsi kimi görünür.

Amma ümumilikdə mənim yanaşmam belədir ki, ömrünü elmə həsr etmiş insanları bu şəkildə ictimai qınaq və istehza hədəfinə çevirmək doğru deyil. Bunun kifayət qədər ciddi etik tərəfləri var və bu məqam mütləq nəzərə alınmalıdır.

Həmçinin, heç kimə də qadağa qoymaq olmaz ki, bu şəkli paylaşma və ya fikrini bildirmə. Ümumiyyətlə, bizdə ictimai arenada vəziyyət belədir ki, bu cür belə uzun-uzadı iclaslar, yorucu söhbətlər, heç bir məsələni həll etməyən toplantılar insanların vaxtını alır. 

İnsanlar nəticəsiz, heç bir əməli təklif və real iş ortaya qoymayan iclaslardan yorulublar, həmçinin, bir az da iclasların mahiyətsizliyinə və əhəmiyyətsizliyinə etiraz edirlər. Sadəcə, bu müzakirələrdə etik çərçivə və hörmət prinsipi qorunmalıdır”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

İclasda yatanlar Qulu Məhərrəmli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr