AZ

Selçuk Bayraktar Xocalı soyqırımı ilə bağlı paylaşım edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Xocalı Soyqırımı ilə əlaqəli paylaşım edib.

TurkicWorld xəbər verir ki, bu barədə o sosial media hesablarında paylaşım edib.

Bayraktar öz paylaşımında 1992-ci ildə törədilən faciənin silinməz izlərini vurğulayaraq, vətən övladlarının bu ağrını heç vaxt unutmayacağını qeyd edib.

"O günlərə şahid olan hansı vətən övladı Xocalını unuda bilər ki? Qardaşlarımız və bacılarımızın Xocalı Soyqırımında yaşadıqlarını unutmadıq, unutmayacağıq! Şəhidlərimizin ruhu şad olsun." - deyə paylaşımda qeyd edib.

Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.

Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.

Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"

Seçilən
25
turkic.world

1Mənbələr